Cəlilabad rayonunda Kövüzbulaq kənd tam orta ümumtəhsil məktəbinin yeni binasının açılışı olub.
Mecra.az xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini İlham Cavadov, Lənkəran-Astara Regional Təhsil idarəsinin müdiri Bəhruz Mehdiyev, RİH-in məsul şəxsləri, məktəbin pedaqoji kollektivi, məktəblilər və valideynlər iştirak edib.
Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov yeni məktəbin istifadəyə verilməsi münasibətilə məktəb kollektivini təbrik edib, son illər təhsilin inkişafı üzrə əhəmiyyətli işlərin görüldüyünü vurğulayıb. Rayon rəhbəri qeyd edərək qarşıya qoyulan əsas vəzifə yüksək istedad və qabliyyətə, eləcə də milli mənəvi dəyərlərə sahib vətənpərvər gənclərin yetişdirilməsi olduğunu bildirib.
Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini İlham Cavadov və Lənkəran-Astara Regional Təhsil idarəsinin müdiri Bəhruz Mehdiyev çıxışlarında “Bilik Günü” və yeni tədris ilinin başlanması münasibətilə pedaqoji kollektivi, şagirdləri və valideynləri təbrik edib, yeni məktəbdə daha savadlı kadrlar hazırlanması yolunda kollektivə uğurlar arzulayıblar.
Qonaqlar daha sonra təhsil ocağında yaradılmış şəraitlə tanış olublar.
Bildirilib ki, Kövüzbulaq kənd tam orta ümumtəhsil məktəbi 180 şagird yerlik, iki mərtəbəli yeni binadan ibarətdir. Burada 15 sinif otağı ilə yanaşı, kimya, biologiya və fizika laboratoriyaları, kompüter və STEAM otaqları, ibtidai hərbi hazırlıq və əmək kabinetləri, kitabxana, yeməkxana, akt və idman zalları yaradılıb. Məktəbin 288 kvadratmetr sahəsi olan qapalı idman zalı ilə yanaşı, həyətyanı ərazidə müxtəlif yaş qrupları üçün oyun və idman meydançaları, açıq futbol sahəsi salınıb. İçməli su və yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq su anbarları da quraşdırılıb.


👁 133 baxış
