Ermənistanın təxribat-diversiya qrupunun hücumunun qarşısını alarkən şəhid olmuş Azərbaycan Ordusunun zabitləri – kapitan Əhməd Abdullayev və Fərid Əhmədovun şəhidlik zirvəsinə ucalmasından 16 il ötür.
Mecra.az xəbər verir ki, bu münasibətlə şəhid kapitan Əhməd Abdullayevin və şəhid Baş leytenant Fərid Əhmədovun doğulub boya-başa çatdığı evdə ailələri ziyarət olunub, daha sonra şəhidin Cəlilabad şəhər qəbiristanlığındakı məzarı ziyarət edilib.
Şəhidin ailəsi ilə görüş zamanı bildirilib ki, Vətən qarşısında borcunu qəhrəmanlıqla yerinə yetirərək canından keçən Əhməd Abdullayev və Fərid Əhmədov kimi igid oğullarımız Azərbaycan xalqının qürur mənbəyidir. Onların göstərdiyi şücaət Vətənə sədaqətin və əsl qəhrəmanlığın nümunəsidir.
Ziyarətçilər qeyd ediblər ki, gənc nəsil belə qəhrəmanlardan, şəhidlərimizdən örnək götürməli, onların həyat yolunu və Vətən uğrunda göstərdikləri fədakarlığı daim yaşatmalıdır. Vətən və torpaq uğrunda canından keçən qəhrəmanlarımızın adı Azərbaycan tarixində əbədi yaşayacaq.
Xatırladaq ki, Fərid Əhmədov və Əhməd Abdullayev 2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında baş verən döyüşdə şəhid olublar. Birbaşa döyüş xəttində həlak olduğu üçün Fərid Əhmədovun nəşi düşmən tərəfdə qalıb və 2010-cu il noyabrın 6-da şəhid Milli Qəhrəman Mübariz İbrahimovun nəşi ilə birlikdə Azərbaycana qaytarılıb. Noyabrın 7-də hər iki şəhid II Fəxri xiyabanda dəfn edilib.
Şəhid kapitan Əhməd Abdullayev isə Cəlilabad şəhər qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Əhməd Abdullayev və Fərid Əhmədov müxtəlif medallarla təltif ediliblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!

👁 81 baxış
