Yenicə Rusiyadan qayıdan kişi bıçaqlandı: Biləsuvardakı qətlin təfərrüatı – VİDEO

Biləsuvar rayonunun Dərvişli kəndində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

Baku TV-nin məlumatına görə, hadisə şahidləri eyni kənddən olan 16 yaşlı yeniyetmə və 44 yaşlı Şölət Rüstəmli arasında bir gün əvvəl mübahisə yarandığını deyiblər.

Qeyd olunur ki, söhbətlərinə aydınlıq gətirmək üçün onlar avqustun 13-də axşam saatlarında kənddə, dükanın qarşısında görüşüblər. Bu zaman yeniyetmə həmkəndlisini bıçaqlayıb.

Xəsarət alan Şölət Rüstəmlini kənd sakinləri onun özünə məxsus nəqliyyat vasitəsinə qoyaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Buna baxmayaraq, o, yolda həyatını itirib.

Kənd sakinlərinin sözlərinə görə, tərəflər yaxın qohum olublar və əvvəllər aralarında hər hansı ciddi problem yaşanmayıb.

“İkisi də yaxın qohum idi. Həmişə də mehriban olublar. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Hər iki ailə nümunəvi ailə idi, əvvəllər heç bir narazılıqları olmayıb. Şölət Rusiyada işləyirdi, üç-dörd gün əvvəl kəndə qayıtmışdı. Ailəli idi, iki övladı var idi”, – deyə kənd sakini bildiriblər.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar Rayon Şöbəsinə təhvil verilib.

Münaqişə zəminində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 16 yaşlı yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Hadisənin təfərrüatı dəqiqləşdirilir. Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.

👁 80 baxış