Məleykə Abbaszadədən keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə ixtisas seçimi zamanı abituriyentlərin diqqət etməli olduğu əsas məqamları açıqlayıb.

Mecra.az xəbər verir ki, DİM sədri canlı yayımda çıxışı zamanı bildirib ki, abituriyentlər ilk növbədə topladıqları balı və müsabiqədəki real mövqelərini düzgün qiymətləndirməlidirlər.
Onun sözlərinə görə, abituriyentin topladığı bal müsabiqədə hansı mövqedə olduğunu müəyyənləşdirən əsas faktorlardan biridir. Abituriyentlər statistik məlumatlar və “Abituriyent” jurnalında dərc olunan informasiyalar vasitəsilə öz nəticələrini digər iştirakçıların nəticələri ilə müqayisə edə bilərlər.
M.Abbaszadə qeyd edib ki, abituriyentin istədiyi ixtisasa ondan daha yüksək nəticə göstərən şəxslər qəbul oluna bilər və bu halda həmin ixtisasa yer çatmaya bilər. Lakin abituriyentin istədiyi ixtisası ərizəsində qeyd etdiyi halda ondan daha aşağı nəticə göstərən şəxs həmin ixtisasa qəbul edilə bilməz.
DİM sədri vurğulayıb ki, ixtisasın ərizədə birinci və ya beşinci yerdə yazılmasının bu baxımdan fərqi yoxdur. Abituriyent müsabiqədə topladığı bal əsasında iştirak edir.
O bildirib ki, keçid balı da məhz müsabiqənin nəticəsinə əsasən formalaşır. Belə ki, ixtisasa qəbul olunanlar arasında sonuncu şəxsin balı həmin ixtisas üzrə builki keçid balı kimi müəyyənləşir.
Məleykə Abbaszadə əvvəlki illərin keçid ballarına da münasibət bildirib. Onun sözlərinə görə, ötən ilin keçid balları ixtisas seçimi zamanı müəyyən məlumat verə bilər, lakin bu ilki müsabiqənin nəticəsini yalnız həmin göstəricilərə əsasən proqnozlaşdırmaq düzgün deyil. Bəzi ixtisaslarda keçid ballarının artması, bəzilərində isə azalması mümkündür.
DİM sədri ixtisasların ardıcıllığının düzgün müəyyənləşdirilməsinin də vacib olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, abituriyent ilk növbədə ən çox istədiyi ixtisası, daha sonra digər seçimlərini yazmalıdır.
M.Abbaszadə dövlət sifarişi və ödənişli yerlərlə bağlı da nümunə çəkib. O bildirib ki, abituriyent ödənişli təhsil formasını dövlət sifarişli yerdən daha üstün tutaraq ərizəsində birinci qeyd edərsə, müsabiqənin nəticəsinə uyğun olaraq həmin ödənişli ixtisasa qəbul oluna bilər. Burada əsas amil abituriyentin seçim ardıcıllığıdır.
DİM sədri abituriyent və valideynlərə ixtisas seçimi zamanı yalnız rəsmi mənbələrdən istifadə etməyi tövsiyə edib. O, xüsusilə “Abituriyent” jurnalının 4-cü nömrəsində təqdim olunan məlumatlarla tanış olmağın vacibliyini vurğulayıb.
“Qeyri-rəsmi saytlardan əldə olunan məlumatlara güvənməməlisiniz. Ən əsas məlumatlar rəsmi “Abituriyent” jurnalında təqdim olunur”, – deyə M.Abbaszadə bildirib (yenisabah).

👁 58 baxış