“Regionların sosial-iqtisadi tərəqqisi ölkəmizdə uğurla həyata keçirilən davamlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Son illərdə regionların potensialından istifadənin səmərəliliyinin və iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırılması, yaşıl iqtisadiyyatın formalaşdırılması, innovativ yanaşmaların tətbiqi və sair kimi məsələlər önə çəkilərək bu istiqamətdə mühüm addımlar atılır. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycanın hər bir hədəfə doğru inamla irəliləməsini şərtləndirir. Ulu Öndər “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” çağırışını edərək ölkə iqtisadiyyatının inkişafında neft amilinə böyük önəm verməklə bugünkü reallıqların, gələcək inkişafın möhkəm təməlini formalaşdırdı. Neft gəlirlərindən səmərəli istifadənin təmin edilməsi hazırda iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsində özünün aydın ifadəsini tapır. Son 23 ilə yaxın dövrdə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəmizin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində atdığı addımlar göz qabağındadır. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən qeyri-neft sektorunun inkişafının prioritetliyini önə çəkdi, bu hədəfə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadənin vacibliyini vurğuladı, Regional inkişaf proqramlarını təsdiqlədi. Bu gün həmin sənədlərin uğurlu nəticələrini digər regionlar kimi, Naxçıvan Muxtar Respublikasının da sosial-iqtisadi inkişafında aydın şəkildə görürük. Muxtar respublikanın davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi, infrastruktur təminatının və sosial xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, əhalinin məşğulluğunun və rifah halının yaxşılaşdırılması məqsədilə bir sıra mühüm Dövlət Proqramları, Tədbirlər Planları təsdiq olunub, Fərman və Sərəncamlar imzalanıb. Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin Naxçıvan mərhələsi bu günümüzə və gələcəyimizə xidmət edən mühüm addımlarla zəngindir. Həmin dövrdə muxtar respublikanın hərtərəfli inkişafı üçün bütün zəruri işlər görülmüşdür. Naxçıvan Muxtar Respublikası bu gün Dövlət Proqramlarını və infrastruktur layihələrini uğurla həyata keçirir, ölkənin iqtisadi qüdrətinin artırılmasında və intellektual potensialının gücləndirilməsində yaxından iştirak edir. Prezident İlham Əliyevin son 23 ilə yaxın dövr ərzində muxtar respublikaya səfərlərinin say tərkibinə diqqət yetirmək kifayətdir. Hər bir səfər Naxçıvanın tarixinə yeni inkişaf mərhələsinin başlanğıcı kimi yazılıb. Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri özündə bütün məqamları ehtiva edir. Bu, cənab İlham Əliyevin muxtar respublikaya sayca 17-ci səfəri idi”.
Mecra.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Millət vəkili qeyd edib ki, səfər çərçivəsində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın açılışında və təməlqoyma mərasimində iştirak etdikləri, görülən işlərlə tanış olduqları sosial obyektlərin say tərkibinə diqqət yetirsək muxtar respublikanın hərtərəfli inkişafına göstərilən diqqət və qayğını aydın şəkildə görürük: “Səfərin gündəliyinin zənginliyi diqqətdən kənarda qalmadı. Həm muxtar respublikanın dayanıqlı iqtisadi inkişafına, həm də əhalinin sosial rifah halının yaxşılaşdırılmasına, işsizlik probleminin həllinə, sosial xidmətin səviyyəsinin yüksəldilməsinə yönələn mühüm addımlar atıldı. Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsi Naxçıvan Muxtar Respublikasının dünəninə, bu gününə baxış, eyni zamanda, yeni mərhələnin hədəflərinin təqdimatı kimi dəyərləndirilir. Cənab İlham Əliyev vurğuladı ki, əslində, səfərim və səfər zamanı iştirak etdiyim tədbirlər özlüyündə bir göstəricidir. Bir daha göstərir ki, Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir. Prezident kimi 17-ci dəfədir Naxçıvana səfər etdiyini xatırladan dövlətimizin başçısı vurğuladı ki, hər səfərin də böyük mənası və gözəl nəticələri vardır. Bu illər ərzində bir çox önəmli layihələr icra olundu, Naxçıvanın ümumi inkişafı təmin edildi. Bugünkü tədbirlər də bir növ görülən işlərin davamıdır və təbii ki, bundan sonra da lazımi qərarlar veriləcək və Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək”.
Malik Həsənov vurğulayıb ki, Naxçıvanın müdafiə potensialının gücləndirilməsi prioritet məsələlər sırasındadır: “Səfər çərçivəsində Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan əməliyyat (komando) hərbi hissələrinə Döyüş bayraqlarının verilməsinə həsr olunmuş mərasimdə iştirakı da bunun bariz nümunəsidir. Azərbaycan Televiziyasına müsahibəsində “Bildiyiniz kimi, Naxçıvanda mənim Sərəncamımla Əlahiddə Ordu yaradılmışdır. Bu ordu, təbii ki, Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz tərkib hissəsidir. Ancaq Naxçıvanın spesifikası, coğrafiyası, Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə coğrafi bağlantısının olmaması, əlbəttə ki, bu diyarın – muxtar respublikanın təhlükəsizliyinə daha böyük diqqət göstərməyimizə gətirib çıxardı və bu, daim belədir. Ona görə bu, birinci şərtdir” söyləyən cənab İlham Əliyev bildirdi ki, Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir. O cümlədən Naxçıvanda hərbi potensial gündən-günə gücləndirilir və gücləndiriləcək”.
Millət vəkili bildirib ki, hər bir inkişafın əsasında təbii ki, iqtisadi tərəqqi dayanır: “Səfər çərçivəsində təqdim olunan layihələr, o cümlədən cənab İlham Əliyevin 12 avqust 2026-cı il tarixli “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamı muxtar respublikanın dayanıqlı inkişafının prioritetliyini bir daha təsdiqlədi. Naxçıvan Muxtar Respublikasında 2026-2027-ci illərdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsini, yol, nəqliyyat və təhsil infrastrukturunun yenilənməsini, habelə abadlıq-quruculuq işlərinin davam etdirilməsini təmin etmək məqsədilə imzalanan Sərəncama əsasən, tədbirlərin həyata keçirilməsinə Azərbaycanın dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən ümumilikdə 258 milyon manat ayrıldı. Səfər zamanı Naxçıvan Sənaye Parkının təməlinin qoyulması, Naxçıvan Regional DOST Mərkəzinin açılışı və sair kimi mühüm tədbirlər sosial-iqtisadi inkişafın sürətləndirilməsinə yönələn addımların tərkib hissəsidir. Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” ilə tanış oldular. Şəhərin tarixi-mədəni irsini müasir şəhərsalma prinsipləri ilə uzlaşdıran yeni Baş Plan onun dayanıqlı, inklüziv və insanyönümlü regional mərkəz kimi inkişafının strateji əsasını formalaşdıracaq. Bu mühüm məqamı da qeyd edək ki, Naxçıvanda həyata keçirilən genişmiqyaslı yenilənmə yalnız iqtisadiyyat, sosial həyat və infrastrukturla məhdudlaşmır. Dövlət idarəetməsinin müasir tələblər əsasında təkmilləşdirilməsi də yeni inkişaf modelinin mühüm istiqamətlərindən birini təşkil edir”.
Malik Həsənov qeyd edib ki, muxtar respublikanın iqtisadi fəallığının genişləndirilməsində, yaşayış məntəqələri arasında əlaqələrin gücləndirilməsində və turizm imkanlarının artırılmasında müasir nəqliyyat infrastrukturu mühüm rol oynayır: “Naxçıvan böyük nəqliyyat və logistika xəritəsinin mühüm qovşağına çevrilir. Naxçıvanın strateji coğrafi mövqeyinin yaratdığı imkanların tam reallaşdırılması baxımından ən mühüm istiqamətlərdən biri Zəngəzur dəhlizidir. Dəhliz çərçivəsində Naxçıvana dəmir yolu bağlantısının bərpası, Türkiyə ərazisində isə Qars-İğdır-Naxçıvan dəmir yolunun tikintisi davam etdirilir. Layihə reallaşdıqda muxtar respublika ölkənin əsas hissəsi ilə birbaşa quru bağlantısı əldə edəcək, Naxçıvanın tranzit, logistika və ticarət potensialı əhəmiyyətli dərəcədə artacaq. Beləliklə, Naxçıvanın əsrlər boyu malik olduğu strateji coğrafi mövqe yeni nəqliyyat imkanları ilə iqtisadi üstünlüyə çevriləcək”.
Millət vəkili bildirib ki, qədim tarixi, zəngin mədəniyyəti, dövlətçilik ənənələri və yüksək potensialı olan Naxçıvan Muxtar Respublikası Azərbaycanın iqtisadi, siyasi və mədəni həyatında xüsusi yer tutur, ölkəmizin inkişafında mühüm rol oynayır: “Minilliklərə söykənən Naxçıvan tarixinin, zəngin memarlıq məktəbinin və mədəni irsinin qorunaraq gələcək nəsillərə çatdırılması həyata keçirilən dövlət siyasətinin ayrılmaz istiqamətidir. Səfərin gündəliyində də bu məsələ xüsusi diqqətdə oldu. Belə ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində Möminə xatun türbəsində aparılan bərpa və konservasiya işləri ilə tanış oldular. Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığının isə incilərindən biri olan Möminə xatun türbəsi böyük tarix və mədəniyyət yadigarımızdır. Türbə, həmçinin Azərbaycanda həmin dövrlərdə yüksək inkişaf etmiş mədəniyyətin və dövlətçilik ənənələrinin mövcudluğunun əyani göstəricisidir”.
Malik Həsənov qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Naxçıvan Muxtar Respublikasına səfəri muxtar respublikanın tarixində yeni mərhələnin başlanğıcı, yeni inkişaf modelinin təqdimatı oldu.
👁 40 baxış
