Son illərdə ölkəmiz beynəlxalq münasibətlər sistemində siyasi nüfuzunu və geosiyasi əhəmiyyətini əhəmiyyətli dərəcədə artırıb. Xüsusilə 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq ərazilərinin böyük hissəsi üzərində nəzarəti bərpa etməsi, 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində isə ölkənin bütün ərazisində dövlət suverenliyinin tam təmin edilməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirib. Bu hadisələrdən sonra ölkənin xarici siyasət imkanları genişlənib, beynəlxalq tərəfdaşlarla əməkdaşlığın yeni istiqamətləri formalaşıb və Azərbaycanın etibarlı tərəfdaş kimi rolu daha da möhkəmlənib.
Eyni zamanda, Rusiya–Ukrayna müharibəsinin Avropanın enerji bazarında yaratdığı dəyişikliklər Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərə yeni dinamika qazandırıb. Avropa İttifaqının enerji mənbələrinin şaxələndirilməsi siyasəti çərçivəsində Azərbaycan təbii qazının strateji əhəmiyyəti artıb. Bu proses 2022-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ilə yeni mərhələyə qədəm qoyub. Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixracının artırılması həm Avropa İttifaqının enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edib, həm də Azərbaycanın etibarlı enerji təchizatçısı kimi mövqeyini daha da gücləndirib. Tərəflərin rəsmi bəyanatları da göstərir ki, bu əməkdaşlığın genişləndirilməsi həm Azərbaycan, həm də Avropa İttifaqı tərəfindən qarşılıqlı maraqlara əsaslanan strateji tərəfdaşlıq kimi qiymətləndirilir.
Beləliklə, Avropa ölkələri ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycan Avropa dövlətləri ilə siyasi dialoqun inkişafına, iqtisadi əlaqələrin genişləndirilməsinə, enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə və qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verir. Bu kontekstdə Avropa İttifaqının aparıcı ölkəsi kimi Almaniya ilə münasibətlər xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Almaniya arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub və ötən dövrdə siyasi, iqtisadi, enerji, humanitar və mədəni sahələrdə əməkdaşlıq ardıcıl şəkildə inkişaf edib. Almaniya Azərbaycanın Avropadakı mühüm iqtisadi tərəfdaşlarından biri olmaqla yanaşı, iki ölkə arasında yüksək səviyyəli siyasi dialoq da davamlı xarakter daşıyır.
Bu baxımdan Prezident İlham Əliyevin 21 iyul 2026-cı il tarixli Almaniyaya rəsmi səfəri Azərbaycan–Almaniya münasibətlərinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər ikitərəfli əməkdaşlığın perspektivlərinin müzakirəsinə, siyasi dialoqun daha da gücləndirilməsinə, iqtisadi, enerji, sənaye və investisiya sahələrində tərəfdaşlığın genişləndirilməsinə xidmət edib.
Məlumat üçün qeyd edək ki, rəsmi səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Kansleri arasında əvvəlcə təkbətək, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib. Səfər zamanı dövlət başçısının rəsmi qarşılanma mərasimi təşkil olunub, iki ölkə arasında sənədlər imzalanıb. Görüşlərin yekununda liderlər mətbuata birgə bəyanatlarla çıxış edərək danışıqların nəticələri və əməkdaşlığın gələcək perspektivləri barədə fikirlərini bölüşüblər. Prezident İlham Əliyev mətbuata bəyanatında vurğulayıb ki, Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcəkdir.
Həqiqətən də, Almaniya Avropa İttifaqının aparıcı siyasi və iqtisadi güclərindən biri kimi həm Avropa siyasətinin formalaşmasında, həm də enerji təhlükəsizliyi və regional sabitlik məsələlərində mühüm rol oynayır. Bu baxımdan Berlin ilə Bakı arasında münasibətlərin inkişafı yalnız ikitərəfli gündəmlə məhdudlaşmır, eyni zamanda Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının daha da dərinləşməsinə əlavə imkanlar yaradır. Xüsusilə enerji təhlükəsizliyi, yaşıl enerji, ticarət, investisiya və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi hər iki tərəfin strateji maraqlarına cavab verir.
Məhz bu səbəbdən Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri iki ölkə arasında siyasi dialoqun intensivləşməsi, iqtisadi tərəfdaşlığın genişlənməsi və uzunmüddətli strateji əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addım kimi qiymətləndirilə bilər.
Fazil Məhəmmədov
Pirallahı rayon Ağsaqqallar Şurasının üzvü
👁 6 baxış
