14 iyuldan etibarən 2026-2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarına start verilib.
Cəlilabad rayonu Nizami Alışanov adına Maşlıq kənd tam orta ümumtəhsil məktəbinin informatika müəllimi Fərid Fərəcli MİQ imtahanında yüksək nəticə göstərən müəllimlərdən biri olub.
Ötən il 100 balla ölkə birincisi olan müəllim bu il imtahanda yenidən iştirak edərək 90 bal toplayıb.
Mecra.az xəbər verir ki, AzEdu.az bu münasibətlə müəllimlə əlaqə saxlayıb, təəssüratlarını öyrənib.
Növbəti illərdə də üzərimdə daha çox çalışaraq nəticəmi daha da yaxşılaşdıracam:
“Mənim üçün MİQ imtahanı ilk növbədə özümü qiymətləndirmək, zəif tərəflərimi müəyyənləşdirmək və inkişaf istiqamətlərimi görmək üçün ən obyektiv vasitələrdən biridir. İnsan hər zaman öz çatışmazlıqlarını görə bilmir. Lakin real imtahan şəraitində əldə olunan nəticələri əvvəlki illərlə müqayisə etdikdə inkişaf səviyyəsini daha dəqiq təhlil etmək mümkün olur.
Bu il MİQ imtahanında əmsalla birlikdə 90 bal topladım. Ötən il isə 100 bal nəticə ilə ölkə birincisi olmuşdum. Növbəti illərdə də üzərimdə daha çox çalışaraq nəticəmi daha da yaxşılaşdırmağa çalışacağam”.
Yalnız informatika bilikləri yüksək nəticə üçün kifayət etmir, güclü riyazi baza da vacib amilə çevrilib:
“İmtahanın çətinliyi barədə qeyd etmək istərdim ki, imtahan varsa, çətinlik də qaçılmazdır. Suallara sonradan, sakit şəraitdə baxanda onlar o qədər də mürəkkəb görünməyə bilər. Ancaq real imtahan mühitində, vaxt məhdudiyyəti və psixoloji gərginlik altında eyni sualları həll etmək tamamilə fərqli bacarıq tələb edir.
Ümumilikdə hesab edirəm ki, builki MİQ əvvəlki illərlə müqayisədə daha mürəkkəb idi. Xüsusilə ilk dəfə iştirak edən və ya fərdi şəkildə hazırlaşan müəllimlər üçün 55-65 bal kifayət qədər yüksək nəticə hesab oluna bilər. Çünki ildən-ilə həm yeni sual tipləri artır, həm də suallar daha çox riyazi təfəkkür tələb edir. Artıq yalnız informatika bilikləri yüksək nəticə üçün kifayət etmir, güclü riyazi baza da vacib amilə çevrilib”.
Hələ ki, Bakıda işləmək kimi bir niyyətim yoxdur. Öz kənd məktəbimdə fəaliyyətimi davam etdirmək istəyirəm:
“Bu, mənim MİQ imtahanlarında dördüncü iştirakım idi. İlk dəfə 2019-cu ildə keçirilən 60 ballıq sistem üzrə imtahanda 39 bal toplamışdım. 2020-ci ildə pandemiya səbəbindən işləyən müəllimlər imtahana buraxılmadı. 2021-ci ildə nəticəmi 52 bala yüksəltdim və Cənub regionunda keçirilən bütün seanslar üzrə ən yüksək nəticəni göstərərək region birincisi oldum. Ötən il isə 100 bal toplayaraq ölkə birincisi oldum.
Bu inkişaf yolu mənə göstərdi ki, davamlı zəhmət və özünü təhlil etmək hər zaman nəticəsini verir. Artıq 8-ci ildir ki, pedaqoji fəaliyyətlə məşğulam. Bu illər ərzində 10-dan çox kitabın həmmüəllifi olmuşam, çox sayda uğurlu tələbələrim və yüksək nəticələrim var.
Həm 100 bal topladığım il, həm də bu il vakansiya seçimində iştirak etməməyimin əsas səbəbi odur ki, mən öz kəndimdə, kənd məktəbində işləyirəm və hələ ki buradan ayrılmaq fikrim yoxdur. Düzdür, bu illər ərzində Bakı şəhərindən, xüsusilə güclü informatika müəllimlərinə ehtiyacı olan təhsil müəssisələrindən çoxsaylı təkliflər almışam.
Lakin hesab edirəm ki, əgər bütün savadlı müəllimlər Bakıya üz tutsalar, bölgələrdə təhsil alan şagirdlərin keyfiyyətli müəllimdən dərs almaq imkanı azalacaq. Kənd məktəbində oxuyan uşaqların da peşəkar müəllimdən təhsil almağa haqqı var. Məhz buna görə də hələ ki fəaliyyətimi doğma kəndimdə davam etdirmək qərarındayam”.
👁 72 baxış
