Bayramovla Lavrov nələri müzakirə edib? – FOTOLAR – Yenilənib

Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrov arasında görüş keçirilir.

Mecra.az xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb.

***

Azərbaycan Xarici İşlər Nazirliyi nazirlərin görüşü zamanı müzakirə edilən məsələləri açıqlayıb.

Bildirilib ki, görüş zamanı, Azərbaycan-Rusiya münasibətlərinin siyasi, iqtisadi-ticarət, nəqliyyat, humanitar, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Nazirlər iki ölkə arasında mövcud olan müttəfiqlik münasibətlərinin qarşılıqlı hörmət və milli maraqların nəzərə alınması əsasında inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Bu çərçivədə, ali və yüksək səviyyədə əldə olunmuş razılaşmaların icra vəziyyəti nəzərdən keçirilib.

Ticarət-iqtisadi əməkdaşlığın inkişafı, Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının fəaliyyəti, Azərbaycan-Rusiya İşgüzar Şurasının rolu, habelə iqtisadi əlaqələrin daha da genişləndirilməsi imkanları müzakirə edilib. Sonuncusu 16 aprel 2026-cı ildə Zəngilanda keçirilmiş hökumətlərarası komissiyanın ikitərəli iqtisadi münasibətlərdə rolu vurğulanıb.

Nazirlər qlobal iqtisadiyyatda mövcud mürəkkəb vəziyyətə baxmayaraq, Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsinin müsbət dinamikasını qoruduğunu qeyd ediblər.

Nəqliyyat bağlantılarının və regional nəqliyyat layihələrinin inkişafının təkcə iştirakçı dövlətlərin deyil, bütövlükdə regionun iqtisadi dayanıqlığının möhkəmləndirilməsinə xidmət etdiyi vurğulanıb. Qeyd olunub ki, bu istiqamətdə həyata keçirilən layihələr qarşılıqlı fayda əsasında bütün iştirakçıların maraqlarına xidmət etməli, etimadın möhkəmlənməsinə, iqtisadi inkişafın və regional əməkdaşlığın genişlənməsinə töhfə verməlidir.

münaqişəsi və digər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Diplomatik dialoqun və beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin sülhün və sabitliyin təmin edilməsində əhəmiyyəti vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazirlər daha sonra mətbuat konfransında çıxış edib, media nümayəndələrinin suallarını cavablandırıblar.

Səfər çərçivəsində həmçinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi arasında 2026-2027-ci illər üzrə Məsləhətləşmələr Planı imzalanıb.



👁 63 baxış