Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni inkişaf mərhələsi

01 iyul 2026-cı il tarixində Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana rəsmi səfəri baş tutmuşdur. Mühüm siyasi əhəmiyyət kəsb edən səfər çərçivəsində Avropa Komissiyasının Prezidenti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev arasında əvvəlcə təkbətək, daha sonra isə geniş tərkibdə görüş keçirilmişdir. Görüşlərin ardından liderlər mətbuata birgə bəyanatla çıxış edərək ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran məsələlərə dair mühüm mesajlar səsləndirmişlər.
Mətbuata bəyanat zamanı dövlət başçısının çıxışında xüsusi diqqət çəkən məqamlardan biri Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin hazırda çox mühüm mərhələdə olduğunun vurğulanması olmuşdur. Bu kontekstdə qeyd etmək olar ki, cari ilin mart ayında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, may ayında isə Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Azərbaycana səfər etmişdir. Ardınca Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin ölkəmizə səfəri Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının yeni geosiyasi reallıqlar fonunda daha geniş strateji məzmun qazandığını bir daha təsdiqləmişdir.
Qısa zaman kəsiyində Avropa İttifaqının üç əsas institutunun rəhbər və yüksək səviyyəli nümayəndəsinin ardıcıl şəkildə Azərbaycana səfər etməsi Azərbaycan–Avropa İttifaqı münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini, eyni zamanda Brüsselin Azərbaycanı Cənubi Qafqaz regionunda etibarlı və strateji tərəfdaş kimi qiymətləndirdiyini nümayiş etdirir. Siyasi dialoqun intensivləşməsi tərəflər arasında qarşılıqlı etimadın möhkəmlənməsini və əməkdaşlığın institusional əsaslarının daha da gücləndiyini göstərən mühüm amillərdən biridir.
Bu yanaşmanı təsdiq edən əsas məqamlardan biri də Avropa Komissiyasının Prezidentinin mətbuata bəyanatı zamanı səsləndirdiyi: “Bu gün mən Avropa İttifaqı üçün olduqca əhəmiyyətli tərəfdaşlığı dərinləşdirmək məqsədilə buradayam” fikridir. Sözügedən yanaşma Avropa İttifaqının Azərbaycanla münasibətlərini uzunmüddətli strateji baxış əsasında inkişaf etdirmək niyyətini nümayiş etdirir. Bu gün Azərbaycan artıq yalnız etibarlı enerji təchizatçısı kimi deyil, həm də Avropa ilə Asiya arasında iqtisadi, enerji və nəqliyyat əlaqələrinin yeni arxitekturasının formalaşmasında mühüm geostrateji aktor kimi qiymətləndirilir.
Bu kontekstdə nəqliyyat və logistika sahəsində əməkdaşlığın perspektivləri də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə inkişaf etdirilən Orta Dəhliz son illərdə Avropa ilə Asiya arasında yükdaşımalarının ən perspektivli marşrutlarından birinə çevrilmişdir. Qlobal təchizat zəncirlərində baş verən dəyişikliklər fonunda bu marşrutun strateji əhəmiyyəti daha da artmış, Azərbaycanın beynəlxalq tranzit və logistika mərkəzi kimi mövqeyi əhəmiyyətli dərəcədə möhkəmlənmişdir. Bu baxımdan Avropa İttifaqının Orta Dəhlizin inkişafına artan marağı tərəflər arasında iqtisadi əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərən mühüm göstəricilərdən biri hesab edilə bilər.
Ümumilikdə, Avropa Komissiyasının Prezidentinin Azərbaycana rəsmi səfəri tərəflər arasında siyasi dialoqun yüksək səviyyədə davam etdiyini, qarşılıqlı etimadın daha da möhkəmləndiyini və əməkdaşlığın strateji istiqamətlər üzrə genişləndirilməsi üçün əlverişli zəmin formalaşdığını nümayiş etdirmişdir. Səfər çərçivəsində verilən mesajlar onu deməyə əsas verir ki, Azərbaycan–Avropa İttifaqı münasibətləri qarşıdakı dövrdə enerji təhlükəsizliyi, yaşıl enerji, nəqliyyat-kommunikasiya layihələri, rəqəmsal transformasiya, ticarət və regional sabitliyin təşviqi kimi prioritet istiqamətlər üzrə daha da dərinləşəcək və tərəflər arasında strateji tərəfdaşlığın yeni mərhələsinə təkan verəcəkdir.

Təranə İskəndərova
Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin sədri

👁 6 baxış