Azərbaycan polisinin yaranmasının 108-ci il dönümü ilə əlaqədar Cəlilabadda Polis işçilərinin peşə bayramı günü qeyd olunmuşdur.
Mecra.az xəbər verir ki, tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, rayon Polis Şöbəsinin rəisi Polad Qarayev, rayonun hüquq-mühafizə orqanları, idarə və təşkilat rəhbərləri, veteran polis əməkdaşları və polis şöbəsinin şəxsi heyəti iştirak etmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə tər gül dəstələri düzüb və əziz xatirəsini ehtiramla yad ediblər. Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman igidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra peşə bayramı günü ilə əlaqədar video çarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Cəlilabad Rayon Polis Şöbəsinin rəisi Polad Qarayev rəhbərlik etdiyi şəxsi heyəti təbrik edərək, onlara xidməti fəaliyyətlərində uğurlar və can sağlığı arzulayıb. Polad Qarayev polisin keçdiyi şərəfli yoldan danışaraq, polis orqanının yarandığı ilk gündən etibarən bütün tarixi dövrlərdə dövlətin milli maraqlarının müdafiəsində böyük vətənpərvərlik göstərdiyini vurğulamışdır.
Bayram tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov peşə bayramları münasibəti ilə bütün polis işçilərini təbrik edərək bildirdi ki, çətin sınaqlarla dolu şərəfli yol keçən polis orqanları Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında peşəkar hüquq mühafizə orqanı kimi formalaşıb, ölkədə qanunçuluğun bərpasında və hüquq qaydasının qorunmasında önəmli xidmətlər göstərib, dövlətçiliyin dayaqlarından birinə çevrilib.
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində də fədakarlıq və qəhrəmanlıq nümunələri göstərmişdir. Bu gün dövlət başçısı cənab Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində davamlı olaraq müasirləşən və təkmilləşən, beynəlxalq standartlara cavab verən infrastruktura və maddi-texniki bazaya malik daxili işlər orqanları cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı əzmlə mübarizə aparır.Çıxış edən Cəlilabad Rayon Polis Şöbəsinin gənc polis zabiti, polis leytenantı Şərif Seyfullazadə və Cəlilabad Rayon Veteranlar Cəmiyyətinin sədri Ədalət Nəbiyev Azərbaycan Polisinin qazandığı uğurlardan danışaraq, öz təbriklərini çatdırmışdır.
Sonda bir qrup polis əməkdaşına rayonda ictimai asayişin qorunmasında və cinayətkarlığa qarşı mübarizədə fərqləndiklərinə görə rayon icra hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim olundu.Bütün Polis işçilərini peşə bayramı günü münasibətilə təbrik edir, onlara can sağlığı və asayişimizin qorunması, dövlətçiliyimiz möhkəmlənməsi kimi xidməti vəzifələrinin icrasında uğurlar arzulayırıq.














👁 47 baxış
