Bəzən bir insanın böyüklüyü tutduğu vəzifə ilə deyil, etdiyi yaxşılıqlarla ölçülür…

Bu, böyük bir məktəbli tədbiri idi. Zal uğurlu şagirdlərin sevincinə, valideynlərin qüruruna və müəllimlərin fərəhinə şahidlik edirdi. Təltifetmə mərasimi davam edirdi. Növbə Hacı Mirismayıla çatanda onu səhnəyə dəvət etdik.

Hamı onun uğurlarını alqışlayırdı. Amma həmin gün mənim yaddaşıma həkk olunan nə təltif oldu, nə də alqışlar…

Təltifdən sonra o, sakitcə mənə yaxınlaşdı və qulağıma bir cümlə pıçıldadı:

“Ramil müəllim, mən imkansız şagirdlərə dəstək olmaq istəyirəm. Gələcəkdə oxumaq arzusu olan, amma maddi çətinlik çəkən uşaqlara kömək etmək istəyirəm…”.

Mən ona tədbirdən sonra həmin uşaqlarla görüşdürəcəyimi söylədim. O isə təbəssümlə cavab verdi:“Yox, mən istəmirəm onlar məni tanısınlar. Əsas odur ki, faydamız dəysin…”Məhz bu sözlər onun necə böyük ürək sahibi olduğunu göstərirdi.Sonradan o, dörd şagirdin təhsil alması üçün maddi dəstək göstərdi. Bu dəstək bir günün, bir ayın deyil, uzun bir yolun başlanğıcı oldu.

Həmin şagirdlərdən bəziləri 600-dən yuxarı bal toplayaraq ölkənin nüfuzlu universitetlərinə qəbul oldular. Onların uğurlarında Hacı Mirismayılın səssiz, təmənnasız və gizli xeyirxahlığının payı vardı.Ən son görüşümüzdə mənə hədiyyə etdiyi şirkətinin rozetini bu gün də qəlbimin üzərində daşıyıram. O rozet mənim üçün sadəcə bir nişan deyil, insanlığa, xeyirxahlığa və vətən sevgisinə verilmiş bir qiymətdir.

Xüsusilə çiyələkçiliyin inkişafı, ixrac imkanlarının genişləndirilməsi və rayonumuzun ölkə səviyyəsində layiqincə təmsil olunması istiqamətində gördüyü işlər hər zaman xatırlanacaq. O, təkcə uğurlu sahibkar deyildi, həm də insanların dərdinə şərik olan, ehtiyacı olanın əlindən tutan böyük ürək sahibi idi.

Bu gün aramızda olmasan da, toxunduğun həyatlarda, sevindirdiyin insanlarda və gələcəyinə işıq tutduğun gənclərdə yaşamağa davam edirsən.Səni sevən insanlar səni heç vaxt unutmayacaq.Allah rəhmət eləsin, dəyərli Mirismayıl qardaşım.Məkanın cənnət olsun…

Ramil Əmənov, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin direktoru

👁 46 baxış