Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası

Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, Vətəninə həsr etmiş müdrik dövlət xadimi Ulu Öndər Heydər Əliyevin adı tariximizə həm də müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi yazılıb. Ulu Öndər Heydər Əliyevin xalqımız və tariximiz qarşısında əbədi və unudulmaz xidməti.1993-cü ilin 15 iyun tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi.

Xalqımız Ulu öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.

Ulu öndər güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Dahi lider Heydər Əliyevin ən böyük gücü dərin, universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi.

1993-cü ildə xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu öndər Heydər Əliyevi ölkəmizin Prezidenti seçdi. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli lider Heydər Əliyev andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.”.

Azərbaycanın müasir siyasi sistemi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu ad tariximizə Vətənin və xalqın xilaskarı kimi yazılıb. Cəmiyyətdə elə bir ümumi fikir yaranmışdı ki, ölkəni düşdüyü bu ağır vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Ulu öndər Heydər Əliyevdir.

Səbinə İsmayılova,

ADPU Cəlilabad filialının  təbiət və sosial elmlər, onların tədrisi   

texnologiyası kafedrasının  müdiri

                                                                                 

👁 5 baxış