Regional enerji əməkdaşlığının yeni mərhələsi formalaşır

İyunun 1-də Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi.Dövlət başçısı tədbirdə çıxış etdi. Azərbaycanın enerji sahəsində həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmiz artıq enerji sektorunda da öz sözünü deməyə müvəffəq olub. Belə ki, hazırda Azərbaycan yalnız özünün deyil, digər ölkələrin də enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Elə bu kimi səbəblərdən bu gün Bakı dünya üzrə enerji siyasətçilərinin, şirkət rəhbərlərinin, beynəlxalq təşkilatların və ekspertlərin diqqət mərkəzindədir. Azərbaycanın müstəqillik tarixində enerji sektoru təkcə iqtisadi inkişafın deyil, həm də dövlət quruculuğunun, beynəlxalq tərəfdaşlıqların və geosiyasi mövqelərin möhkəmlənməsinin əsas sütunlarından biri olub. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti yalnız iqtisadi inkişafın təmin olunmasına deyil, həm də milli təhlükəsizliyin möhkəmləndirilməsinə, ölkənin beynəlxalq nüfuzunun artırılmasına və dayanıqlı inkişaf məqsədlərinin reallaşdırılmasına xidmət edir. Bu baxımdan, Azərbaycanda enerji sahəsində keçirilən tədbirlər, beynəlxalq forumlar və qəbul olunan strateji qərarlar ölkənin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır.
Müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoyan Xəzər Neft və Qaz Sərgisi zaman keçdikcə dəyişərək “Bakı Enerji Həftəsi” adlandırıldı. Bu gün Bakı Enerji Həftəsi yalnız regional deyil, qlobal enerji gündəliyinin formalaşdırıldığı nüfuzlu beynəlxalq platformalardan biridir. Dünyanın aparıcı enerji şirkətlərinin, dövlət rəsmilərinin və beynəlxalq təşkilat nümayəndələrinin iştirakı ilə keçirilən tədbir enerji təhlükəsizliyi, enerji keçidi və yeni investisiya imkanlarının müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Bakı Enerji Həftəsindəki çıxışı göstərdi ki, Azərbaycan artıq yalnız enerji istehsalçısı ölkə deyil, qlobal enerji təhlükəsizliyinin formalaşmasına təsir göstərən strateji aktordur. Ölkənin həyata keçirdiyi balanslaşdırılmış enerji siyasəti, beynəlxalq əməkdaşlıq təşəbbüsləri, yaşıl enerji layihələri və nəqliyyat dəhlizləri Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyətini daha da artırır.
Müasir beynəlxalq münasibətlər sistemində enerji təhlükəsizliyi ilə milli təhlükəsizliyin qarşılıqlı bağlılığı daha da güclənir. Azərbaycan isə Prezident İlham Əliyevin rəhbərliyi altında bu reallığı düzgün qiymətləndirərək həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verməyə davam edir. Bu olduqca əhəmiyyətli tədbir Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsinə, ölkənin enerji siyasətinin dünyaya təqdim olunmasına və yeni iqtisadi imkanların yaradılmasına xidmət edən mühüm platformadır. Eyni zamanda bu tədbir regionda enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və Xəzər regionunun qlobal enerji xəritəsində strateji mövqeyinin daha da gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bakı Enerji Həftəsi Azərbaycanın enerji diplomatiyasının uğurlarını nümayiş etdirən və ölkəmizin gələcək inkişaf perspektivlərini müəyyənləşdirən ən mühüm beynəlxalq tədbirlərdən biri olaraq qalır.

Elzamin Həsənov,
Pirallahı rayon 186 nömrəli tam orta məktəbin direktoru

👁 10 baxış