Azərbaycan iqtisadiyyatının mühüm sahəsi

Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının böyük bir hissəsidir, demək olar ki, yarısından çoxudur. Əhalinin yarısı, ola bilər ki, yarısından bir qədər azı kənddə yaşayır, kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğuldur. Ona görə də kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatında, bir tərəfdən böyük yer tutur, digər tərəfdən isə, iqtisadiyyatımıza həm mənfi, həm də müsbət təsir göstərə bilir. Sənayenin də bir hissəsi, ola bilsin, böyük bir hissəsi kənd təsərrüfatı məhsulları istehsalı ilə bağlı olduğuna görə kənd təsərrüfatının Azərbaycan iqtisadiyyatı üçün böyük əhəmiyyəti var.

Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə vurğulanıb ki, bu gün dünyada gedən meyillər kənd təsərrüfatının istehsalına da mənfi təsir göstərir. Müharibələr, münaqişələr, nəqliyyat zəncirlərinin qırılması, enerji sektorundakı böhran, yanacaqla bağlı olan müəyyən çətinliklər bir çox ənənəvi istehsalçıları çətin vəziyyətə qoymuşdur. Bunu nəzərə alaraq, əlbəttə ki, hər bir ölkə öz ərzaq təhlükəsizliyi haqqında düşünməlidir və konkret addımlar atmalıdır.

Bu yaxınlarda Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun müzakirələrində də bu öz əksini tapmışdır, – genişmiqyaslı urbanizasiya, yəni kəndlərdən şəhərlərə olan axın. Ancaq bəzi ölkələr, sadəcə olaraq, bu məsələnin həlli üçün imkan tapa bilmir, yaxud da ki, düzgün strategiya işləyə bilmirlər. Biz isə elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Bunun üçün də əlbəttə ki, kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır. Qeyd etdiyim Regional İnkişaf Proqramının və proqramlarının, – dediyim kimi, bir neçə proqram qəbul edilmişdir, – məqsədi də bu idi ki, bölgələrdə elə şərait yaradılmalıdır ki, insanlar orada yaşasınlar, qalsınlar, öz dədə-baba torpaqlarında çalışsınlar, ənənəvi fəaliyyətlə məşğul olsunlar, əkin, biçin, turizm imkanları. Yəni orada xidmət sektoru da yüksək səviyyədə olmalıdır. Regional İnkişaf proqramlarını icra etdikcə sosial infrastruktur layihələr də uğurla icra edilib. Bütün rayon mərkəzlərində, şəhərlərdə müasir xəstəxanalar var, məktəb tikintisi geniş vüsət almışdır 4 mindən çox məktəbimizin 90 faizi təmir edilib, xeyli məktəb tikilib. Ona görə bölgələrdə məşğulluğu artırmaq və insanları torpağa daha bağlı etmək üçün biz kənd təsərrüfatının inkişafına yeni təkan verməliyik.

Xuraman Əliyeva,

Sahibkar

 

 

 

 

👁 3 baxış