Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının təməl və ənənəvi sahələrindən biridir. Ölkənin coğrafi mövqeyi və əlverişli iqlim şəraiti bu sahənin hərtərəfli inkişafına imkan yaradır. Müstəqillik əldə etdikdən sonra Azərbaycan iqtisadiyyatının digər sahələri kimi, kənd təsərrüfatının da inkişafına gedən yol asan olmadı. Bu baxımdan aqrar sektordakı indiki uğurlar gərgin əmək və həyata keçirilən düzgün siyasət sayəsində əldə edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son 23 ildə apardığı qətiyyətli və məqsədyönlü siyasət nəticəsində bu gün Azərbaycan dünyada söz sahibi olan dövlətlərdən birinə çevrilib. Ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində həyata keçirilən uğurlu fəaliyyət Azərbaycanın regionun lider dövləti kimi iqtisadi qüdrətini təmin etməkdədir. Bununla da dövlət müstəqilliyi şəraitində kənd təsərrüfatının inkişafına dair Heydər Əliyev ideyalarının reallaşdırılması istiqamətində bu illər ərzində görülən işlər sayəsində sahənin dayanıqlı inkişafı üçün etibarlı təminatlar yaradılıb. Müstəqil Azərbaycanın kənd təsərrüfatı sahəsi uğurla həyata keçirilən aqrar islahatlar hesabına yaradılmış möhkəm təməllər üzərində davamlı olaraq yüksələn inkişaf göstəriciləri ilə xarakterizə olunur. Ölkə başçısı tərəfindən kənd təsərrüfatının inkişafının prioritet elan edilməsi, çoxşaxəli dövlət dəstəyi sisteminin yaradılması və ardıcıl olaraq genişləndirilməsi, islahatların dərinləşdirilməsi aqrar sahənin uzunmüddətli dinamik inkişafını təmin edir.
Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş respublika müşavirəsi ölkənin aqrar sektorunda yeni bir mərhələnin əsasını qoydu. Dövlət başçısının proqram xarakterli çıxışı sadəcə mövcud vəziyyətin təhlili deyil, həm də yaxın gələcəkdə milli ərzaq təhlükəsizliyinin təmin edilməsi və qeyri-neft ixracatının artırılması üçün konkret tapşırıqlar toplusu – mükəmməl bir yol xəritəsidir. Prezidentin çıxışında yer alan konseptual yanaşmalar və aqrar sektorun qarşısında duran əsas vəzifələr strateji məhsullarla özünütəminetmə və ərzaq təhlükəsizliyi strateji istiqamətlərdə qruplaşdırıla bilər. Ölkədə aqrar sahənin inkişafı ilə bağlı aparılmış ardıcıl və sistemli islahatların davamı olaraq dayanıqlı inkişaf prinsiplərinə əsaslanan, ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsini təmin edən, ixrac potensialının artırılmasına və kənd yerlərində rifahın yüksəldilməsinə töhfə verən rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sənayesinin formalaşdırılması hazırda da ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Bu isə kənd təsərrüfatının uzunmüddətli və dayanıqlı inkişafını təmin edəcək, ölkəmizin iqtisadi gücünün daha da artmasına, insanlarımızın rifahının yüksəlməsinə öz töhfəsini verəcək.
Müşavirədə qeyd olunan ən mühüm məqamlardan biri qlobal bazarlarda baş verən dalğalanmalar və ərzaq inflyasiyası fonunda Azərbaycanın daxili bazarını qorumaq strategiyası oldu. Prezident vurğuladı ki, ərzaq təhlükəsizliyi hər bir ölkə üçün müstəqilliyin əsas atributlarından biridir. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən bu aqrar müşavirə bir daha təsdiq etdi ki, kənd təsərrüfatı sadəcə iqtisadiyyatın bir sahəsi deyil, regionların canlanması, minlərlə insanın iş yeri ilə təmin olunması və ölkənin strateji müstəqilliyidir. Dövlət başçısının proqram xarakterli çıxışında müəyyən edilən vəzifələr – innovasiya, şəffaflıq, su səmərəliliyi və Qarabağın dirçəlişi – yaxın illərdə Azərbaycan kəndinin və fermerinin yeni inkişaf modelinin əsas hərəkətverici qüvvəsi olacaqdır. Bu müşavirə Azərbaycanda kənd təsərrüfatının daha dinamik inkişafının təmin edilməsi istiqamətində fəaliyyətin istiqamətlərini müəyyənləşdirən vacib bir tədbir oldu.
Anar Babayev,
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı
👁 7 baxış
