Heydər Əliyevin Cəlilabada etdiyi bu səfərlər rayon sakinlərinin yaddaşında dərin iz qoyub – FOTOLAR

Ümummilli lider Heydər Əliyev öz fəaliyyəti dövründə Azərbaycanın bütün bölgələrinə olduğu kimi, Cəlilabad rayonuna da xüsusi diqqət və qayğı göstərmişdir. Onun Cəlilabada səfərləri rayonun ictimai-siyasi və sosial-iqtisadi həyatında mühüm hadisə kimi yadda qalmışdır.

İlk dəfə 1976-cı ildə Cəlilabada səfər edən Heydər Əliyev həmin dövrdə Sov.İKP MK-nın Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın birinci katibi idi. Ulu Öndər rayonda üzüm emalı və istehsalı müəssisələri ilə tanış olmuş, Cəlilabad broyler quşçuluq fabrikinə baş çəkmiş, zəhmətkeşlərlə görüşmüş və rayon partiya-təsərrüfat fəallarının yığıncağında iştirak etmişdir.

1977-ci ildə baş tutan ikinci səfəri zamanı Heydər Əliyev rayondakı iribuynuzlu mal-qara sovxozunda yaradılmış şəraitlə maraqlanmış, kənd təsərrüfatının inkişafı ilə bağlı tapşırıq və tövsiyələrini vermişdir. O, eyni zamanda rayon zəhmətkeşləri ilə səmimi görüşlər keçirmişdir.
1980-ci ildə Ulu Öndərin Cəlilabada üçüncü səfəri olmuşdur. Bu səfər çərçivəsində Heydər Əliyev rayon ictimaiyyəti ilə görüş keçirmiş, insanların qayğı və problemləri ilə yaxından maraqlanmışdır.

1981-ci ildə Heydər Əliyev dördüncü dəfə Cəlilabada gəlmişdir. O, “1 May” üzümçülük sovxozunda olmuş, üzümçülük sahəsində görülən işlərlə tanış olmuş və zəhmətkeşlərlə görüşmüşdür.

1982-ci ildə isə Ulu Öndər beşinci dəfə Cəlilabada səfər etmişdir. Həmin dövrdə Azərbaycan SSR-yə rəhbərlik edən Heydər Əliyev rayonda məhsul yığımı prosesini izləyərək kənd təsərrüfatı sahəsində çalışan insanlarla görüşmüş, onların əməyini yüksək qiymətləndirmişdir.

Ümummilli lider Heydər Əliyevin Cəlilabada son səfəri 1998-ci ildə olmuşdur. Artıq müstəqil Azərbaycanın Prezidenti olan Heydər Əliyev rayon sakinləri ilə görüş keçirmiş, ölkədə gedən quruculuq və inkişaf prosesləri barədə fikirlərini bölüşmüşdür.

Heydər Əliyevin Cəlilabada etdiyi bu səfərlər rayon sakinlərinin yaddaşında dərin iz qoymuş, bölgənin inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsinə çevrilmişdir.

Elçin Hüseynov

👁 76 baxış