8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Cəlilabad rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Mecra.az xəbər verir ki, tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə və təşkilatların əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İlk öncə Ümummilli Lider Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzində ucaldılmış abidəsi və Şəhidlər Parkı Abidə Kompleksi ziyarət edilib.
Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin foyesində 8 noyabr – Zəfər Gününə həsr olunan rəsm sərgisinə baxış keçirmişlər.
Dövlət Himnimizin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlanan tədbirdə Zəfər Gününə həsr olunan video-çarx nümayiş olunub.
Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun gücü ilə qazanılan Zəfər Gününün xalqımız üçün tarixi əhəmiyyətindən bəhs edib.
Rayon rəhbəri torpaqlarımızın işğaldan azad olunmasında xalqın birlik və dözüm nümayiş etdirdiyini diqqətə çatdırıb.
Tədbirdə digər çıxış edənlər Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun 44 gün müddətinə torpaqlarımızın yağı düşməndən azad olunmasından, tarixini bu möhtəşəm qələbə ilə şərəfləndirən Azərbaycan xalqının bütün dünyaya öz gücünü, mübarizə aparmaq əzmini nümayiş etdirməsindən danışıblar.

👁 1 baxış
