Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfəri ərəfəsində “Kazinform” rəsmi informasiya agentliyinə verdiyi müsahibə iki ölkə arasında münasibətlərin strateji dərinliyini əks etdirən mühüm bir çağırış kimi qiymətləndirilə bilər. Müsahibə zamanı dövlət başçısı siyasi dialoqdan tutmuş nəqliyyat, energetika və ekoloji təhlükəsizlik kimi mühüm sahələrə qədər geniş spektrdə fikir mübadiləsi apararaq, Azərbaycan–Qazaxıstan tərəfdaşlığının təkcə bu günü deyil, gələcək perspektivlərini də aydın şəkildə ortaya qoydu.
Prezident Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri, Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin artıq sadəcə diplomatik səviyyədə deyil, dərin strateji tərəfdaşlıq ruhunda inkişaf etməsi ilə bağlı fikirlər oldu. Onun sözlərində əks olunan gələcəyə yönəlik baxış bu münasibətlərə verdiyi yüksək dəyərin göstəricisidir. Bu tərəfdaşlığın təməlində ortaq tarix, mədəni yaxınlıq və qarşılıqlı siyasi etimad dayanır. Məhz bu amillər iki ölkə arasında ticarət, energetika və regional əməkdaşlıq sahələrində davamlılıq və sabitliyin əsas təminatçısı kimi çıxış edir.
Müsahibənin ən önəmli hissələrindən biri isə Xəzər dənizinin dayazlaşması ilə bağlı səsləndirilən fikirlər oldu. Prezident İlham Əliyev bu məsələyə toxunaraq vurğuladı ki, Xəzər dənizi bu gün ciddi ekoloji problemlərlə üz-üzədir. Bəli, dəniz səviyyəsinin azalması təkcə sahilboyu ərazilərin ekologiyasına deyil, həm də iqtisadi fəaliyyətlərə – o cümlədən yükdaşımalar, liman infrastrukturu və enerji layihələrinə – birbaşa təsir göstərir. Dövlət başçısı Xəzəryanı ölkələr arasında bu sahədə sıx əməkdaşlığın zəruriliyini önə çəkərək, həm regional liderlik, həm də ekoloji məsuliyyət nümunəsi ortaya qoydu.
Mövcud elmi tədqiqatlar da bu narahatlıqları təsdiqləyir: son 30 ildə Xəzərin səviyyəsi təxminən 2,5 metr azalıb. Bu azalma təkcə sahilyanı zonaların ekosistemlərini deyil, həm də nəqliyyat və enerji infrastrukturunu ciddi şəkildə təhdid edir. Volqa çayının axınının azalması, su ehtiyatlarının idarə olunmasındakı disbalans və iqlim dəyişikliyi səbəbindən buxarlanmanın artması dənizin təbii tarazlığını pozur. Eyni zamanda, dəniz səthinin temperaturunun yüksəlməsi onun biosferasının məhvinə səbəb olur. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu proses davam edərsə, yaxın onilliklərdə Xəzərin sahəsi əhəmiyyətli dərəcədə kiçilə, hətta bəzi hissələrdə tamamilə quruma baş verə bilər. Bu isə regionun flora və faunasının, biomüxtəlifliyinin məhv olması, eləcə də sosial-iqtisadi sabitliyə ciddi zərbə deməkdir. Belə bir vəziyyətdə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər sadəcə xəbərdarlıq deyil, konkret və təcili fəaliyyətə çağırışdır.
Onun “Kazinform”a verdiyi müsahibə eyni zamanda Azərbaycanın bu məsələdə təşəbbüskar mövqeyini də nümayiş etdirir. Azərbaycanın 2024-cü ildə COP29-a ev sahibliyi etməsi də təsadüfi deyil. Ölkə rəhbərliyi ekoloji məsələləri həm beynəlxalq, həm də regional gündəliyin prioritetinə çevirərək, dayanıqlı gələcək üçün məsuliyyətli və məqsədyönlü siyasət yürütməkdə qətiyyətlidir. Bu siyasət iqtisadi inkişaf, enerji keçidi və ekoloji tarazlığın qorunması baxımından bir-birini tamamlayan strateji xətt kimi formalaşır.
Beləliklə, Prezident İlham Əliyevin bu müsahibəsi Azərbaycan–Qazaxıstan əlaqələrinin yeni bir mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Bu münasibətlər artıq təkcə iqtisadi maraqlara deyil, ortaq ekoloji məsuliyyətə və strateji baxışlara əsaslanır. Eyni zamanda, Prezidentin çıxışı Xəzər regionu üçün həm həyəcan siqnalı, həm də birgə hərəkətə çağırış rolunu oynayır.
Elnur Bayramov
Bakı şəhəri, Pirallahı rayonu, 168 nömrəli tam orta məktəbin direktoru
👁 baxış
