Son illər Cəlilabad rayonunda həyata keçirilən infrastruktur layihələri regionun sosial-iqtisadi mənzərəsində ciddi dönüş yaradıb. Yol infrastrukturunun təkmilləşdirilməsi, işıqlandırma sisteminin müasirləşdirilməsi və rayonun mühitinin abadlaşdırılması istiqamətində görülən tədbirlər həm yaşayış şəraitinə, həm də əhalinin ümumi sosial rifahına müsbət təsir göstərir.
Cəlilabadın əsas və daxili küçələrində aparılan genişmiqyaslı təmir-bərpa işləri, yeni asfalt örtüyünün çəkilməsi, səkilərin yenilənməsi və hərəkət təhlükəsizliyi tədbirlərinin gücləndirilməsi nəqliyyat sistemini xeyli rahatlaşdırıb.
Eyni zamanda, müasir LED işıqlandırma sistemlərinin quraşdırılması rayon infrastrukturunda keyfiyyət baxımından tamamilə yeni mərhələ yaradıb. Bu sistemlər həm enerji səmərəliliyi, həm də estetik baxımdan rayonun gecə görünüşünü daha cəlbedici edib. İşıqlandırmanın vahid sistem üzrə idarə olunması və bərabər paylanması təhlükəsizliyin yüksəldilməsinə də əhəmiyyətli töhfə verir.
Rayon rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilən abadlıq və yaşıllaşdırma layihələri də Cəlilabadın şəhərsalma strategiyasının ayrılmaz hissəsidir. Park və istirahət zonalarının bərpası, yeni yaşıllıq sahələrinin salınması və sosial infrastruktur obyektlərinin yenilənməsi Cəlilabadın müasir və ekoloji baxımdan sağlam mühitə çevrilməsini təmin edir.

Cəlilabadın son illərdə qazandığı bu inkişaf göstəriciləri ölkədə həyata keçirilən Regional İnkişaf Proqramlarının uğurlu icrasının bariz nümunəsidir. İcra olunan layihələr rayonun iqtisadi dinamizmini gücləndirməklə yanaşı, cənub bölgəsinin ümumi inkişaf strategiyasına da yeni nəfəs gətirib.
Bu gün Cəlilabad artıq təkcə aqrar potensialı ilə deyil, həm də müasir şəhər infrastrukturuna malik olan, innovativ idarəçilik prinsiplərinə əsaslanan inkişaf modeli kimi formalaşır.
Müəllif: Mirsəlim Təhməzov
👁 baxış
