Ötən həftə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək məqsədilə Amerika Birləşmiş Ştatlarına işgüzar səfər etdi. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər və aparılan müzakirələr ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun daha bir təsdiqi oldu. Dövlətimizin başçısının BMT Baş Assambleyasının 80-ci sessiyasında etdiyi tarixi çıxış isə xüsusi əhəmiyyət kəsb etdi. Bu çıxış vasitəsilə Azərbaycan həqiqətləri dünyanın ən nüfuzlu beynəlxalq təşkilatının kürsüsündən qətiyyətlə səsləndirildi, ölkəmizin mövqeyi beynəlxalq ictimaiyyətə açıq və aydın şəkildə çatdırıldı. Prezident İlham Əliyevin nitqi yalnız Azərbaycanın milli maraqlarının müdafiəsi deyil, həm də regional təhlükəsizlik, beynəlxalq əməkdaşlıq və davamlı inkişaf məsələlərinə dair prinsipial mövqeyin ifadəsi kimi tarixə düşdü.
Məlumat üçün bildirək ki, səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid, Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis, Avropa Şurasının Baş katibi Alen Berse, Keniya Respublikasının Prezidenti Uilyam Samoei Ruto, Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb, ABŞ Ticarət Palatasının baş vitse-prezidenti Kuş Çoksi, Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Souza, Bolqarıstan Respublikasının Baş naziri Rosen Jelyazkov, BMT-nin Baş katibi Antonio Quterreş, eləcə də bir sıra nüfuzlu beynəlxalq şirkətlərin rəhbərləri ilə görüşlər keçirdi. Bu görüşlər qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, çoxtərəfli münasibətlərin dərinləşdirilməsi və yeni əməkdaşlıq imkanlarının müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Bütün bunlar bir daha göstərdi ki, Azərbaycanın beynəlxalq nüfuzu və siyasi çəkisi bu gün hər zamankından daha yüksəkdir. Bu uğurlar birbaşa Azərbaycan Prezidenti cənab İlham Əliyevin şəxsi nüfuzu, qətiyyətli siyasi iradəsi və uzaqgörən liderliyi ilə bağlıdır.
Dövlətimizin başçısının BMT Baş Assambleyasının 80-ci sessiyasındakı tarixi çıxışına nəzər saldıqda, bu çıxışın həm məzmun baxımından olduqca geniş, həm də hesabat xarakterli olduğu aydın görünür. Azərbaycan Respublikasının Prezidenti nitqi zamanı ilk növbədə BMT kürsüsündən uzun illər torpaqlarımıza qarşı həyata keçirilmiş təcavüz və işğaldan bəhs etdiyini, ancaq indi Azərbaycan tarixində tamamilə yeni bir dövr başlandığını bildirdi. Bəli, bu gün Azərbaycan tarixində yeni bir səhifəyə keçid edilib. Bu səhifə sülh, əməkdaşlıq, birgəyaşayış və inkişaf səhifəsidir. Bu yeni mərhələ Azərbaycanın mərd övladlarının canı və qanı, xalqımızın sarsılmaz iradəsi və ən əsası xalq-ordu-iqtidar birliyi ilə yazılmışdır.
Uzun illər BMT-nin Qarabağla bağlı qəbul etdiyi dörd qətnaməyə baxmayaraq, beynəlxalq birlik, eləcə də Ermənistan-Azərbaycan, “Dağlıq Qarabağ” münaqişəsinin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupu heç bir real addım atmadı. İşğalçı dövlətə qarşı sanksiya tətbiq olunmadı, münaqişə donduruldu və nəticə etibarilə ədalətin bərpası Azərbaycan Ordusunun üzərinə düşdü. Qəhrəman Azərbaycan əsgəri isə öz şücaəti, rəşadəti və igidliyi ilə tarixi ədaləti bərpa etdi, yeni və şanlı səhifə yazdı. Azərbaycan Prezidenti isə müəllifi olduğu bu tarixi qələbəni və xalqımızın haqq səsini BMT kürsüsündən bütün dünyaya bəyan etdi.
Dövlətimizin başçısı çıxışında həmçinin cari ilin 8 avqust tarixində Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçirilmiş görüşü xatırladaraq bildirdi ki, həmin gün Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsinin mətnini paraflamışlar. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan beynəlxalq hüquqa əsaslanan beş fundamental prinsip irəli sürmüş və sülh müqaviləsi layihəsini özü təqdim etmişdir. Bu, beynəlxalq təcrübədə nadir rast gəlinən reallıqdır – qalib dövlət sülh üçün təşəbbüs göstərir. Bu, Azərbaycanın humanist yanaşmasının aydın göstəricisidir. Prezident İlham Əliyev, həmçinin, Amerika Birləşmiş Ştatlarına etdiyi səfərin tarixi əhəmiyyətini vurğuladı. Səfər çərçivəsində Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanması, Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə qəbul edilmiş qərar mühüm siyasi nailiyyətlərdən biri kimi qiymətləndirildi.
Dövlət başçımız çıxış zamanı, həmçinin, hələ də davam edən mina təhlükəsi, Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransı, yaşıl enerjiyə keçid istiqamətində atılan addımlar, təbii qaz ixracının gündən-günə artması, nəqliyyat dəhlizlərinin əhəmiyyəti, ölkəmizin iqtisadi sabitliyi və güclənən mövqeyi, eləcə də Xəzər dənizinin ekoloji problemləri diqqət mərkəzinə gətirildi. Dövlətimizin başçısının vurğuladığı bütün bu məsələlər Azərbaycanın regional və qlobal miqyasda artan rolunun bariz təzahürü kimi xüsusi əhəmiyyət kəsb edir.
Ümumilikdə bütün bu məqamlar bir daha təsdiq etdi ki, Prezident İlham Əliyevin beynəlxalq aləmdə artan nüfuzu, qətiyyətli siyasi iradəsi və uzaqgörən liderliyi sayəsində Azərbaycan bu gün regionda və dünyada etibarlı tərəfdaş, mühüm söz sahibinə çevrilmişdir. Dövlət başçısının prinsipial mövqeyi, strateji baxışları, qətiyyətli qərarları və humanist liderlik keyfiyyətləri müasir Azərbaycanın inkişaf yolunda mühüm rol oynamış, ölkəmizin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə şərait yaratmışdır. Prezident İlham Əliyevin adı Azərbaycan tarixində güclü, uzaqgörən və qətiyyətli dövlət xadimi kimi əbədi həkk olunmuşdur.
Arzu Cahangirova
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının
Pirallahı Rayon Komitəsinin sədri
👁 baxış
