Anım günü – ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsinə ən böyük ehtiramdır

Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri 2 əsrdən çox dövrü əhatə edir. Belə ki, XIX əsrin əvvəllərindən başlayaraq Rusiya İmperiyası tərəfindən işğal olunmuş torpaqlarımıza ermənilərin köçürülməsi ilə bu məkrli siyasətin təməli qoyulmuşdur. Daha sonra bu proses 1905-1907, 1918-1920-ci və daha sonrakı illərdə soydaşlarımıza qarşı aparılan kütləvi terror və qanlı soyqırımlarla davam etdirilmişdir. Ermənilər qədim Azərbaycan torpaqlarında öz məkrli siyasətlərini və iddialarını daim davam etdirmiş “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideya ilə yaşamışlar. Son 200 ildə Qafqazda azərbaycanlılara qarşı düşünülmüş və məqsədyönlü şəkildə həyata keçirilmiş köçürülmə siyasəti nəticəsində soydaşlarımız əsrlər boyu yaşadıqları öz ata-baba yurdlarından didərgin salınaraq soyqırımlara, işgəncələrə məruz qalmışdır. Bu illər ərzində minlərlə tarixi abidələrimiz və yaşayış məskənlərimiz dağıdılıb viran edilmiş, qədim köklərimizə bağlı toponimlərimizin adları dəyişdirilmişdir.
XX əsrin 80-ci illərindən başlayaraq mənfur qonşularımız “böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün vəziyyətdən sui istifadə edərək yenidən Dağlıq Qarabağ bölgəsinə dair əsassız ərazi iddiaları irəli sürməyə başladılar. Sovet hakimiyyətinin məqsədli səyləri həmçinin ermənipərəst siyasəti 1990-cı ilin sonundan başlayaraq vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxardı. Havadarlarının dəstəyi ilə mənfur qonşularımız əzəli və tarixi torpaqlarımızın işğalına başladı. 20 faiz torpağımızı xaricdən göstərilən siyasi və hərbi dəstək hesabına işğal edərək, 30 ilə yaxın müddət ərzində zorla və heç bir danışığa getməyərək işğal altında saxladı. Bu illər ərzində beynəlxalq təşkilatların çıxardığı qətnamələrə riayət etməyərək təcavüzkar siyasətini davam etdirdi. Münaqişənin həlli və regionda yaranan problemin həlli məqsədilə yaradılan ATƏT-in Minsk qrupu da danışıqlar çərçivəsində heç bir irəliləyişə nail olmadı. Ermənistanın qeyri-konstruktiv mövqeyi, hərbi təxribatların davam etdirilməsi siyasəti danışıqların uzun illər nəticəsiz qalmasına səbəb oldu. Bütün bunlara baxmayaraq, Azərbaycan uzun illər ərzində təmkinli və sülh yönümlü siyasət yürüdərək, müharibədən yayınmağa çalışmış, beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır.
Azərbaycan münaqişənin sülh yolu ilə həlli istiqamətində atdığı bütün addımlara baxmayaraq sentyabrın 27-də saat Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrimizi intensiv atəşə tutaraq növbəti təxribat törətdi. Təxribatının qarşısını almaq, əhalimizin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatına başlaması barədə qərar verildi. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi. 44 günlük Vətən müharibəsi Şanlı qələbəmizlə yekunlaşaraq, işğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olundu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır. Xalqımız ərazi bütövlüyümüz, ölkəmizin azadlığı, suverenliyimiz yolunda canını qurban verənləri həmişə qəlbində yaşadır, gənc nəslə nümunə kimi təqdim edir. Qəhrəmanlar heç vaxt unudulmur. Qədirbilən xalqımız belə qəhrəmanları həmişə qəlbində yaşadır, əbədi bir xatirə kimi yad edir. Həmçinin Prezident cənab İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamda Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş
etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması tapşırılmışdı. Bu park və muzey şəhidlərimizin qəhrəmanlıqlarını əbədiləşdirərək, gələcək nəsillərə Vətənə olan sevgini aşılamaq məqsədi daşıyır.
Allah bütün şəhidlərimizə rəhmət etsin!

Rüfət Əhmədov,
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı

👁 baxış