Qəhrəmanlıq insan cəmiyyətinin ən kiçik ibtidai quruluşlarından başlamış bəşəriyyətin müxtəlif tarixi inkişaf mərhələlərində özünü göstərən xüsusi insani keyfiyyətdir. Bu, xalqların, millətlərin, dövlətlərin, insanların, hətta cəmiyyətin kiçik bir zərrəsi olan ailənin gözlənilməz və çıxılmaz təhlükələrlə üzləşdiyi zaman cəsur, igid, qorxmaz, dönməz, hünərli, dəyanətli, fədakar insanlarda büruzə verilən yüksək davranış və fəaliyyət formasıdır. Əlbəttə, cəmiyyətlərin tarixi onun yetişdirdiyi qəhrəmanların adları və onların fəaliyyətləri ilə sıx bağlıdır. Böyük xalqımızın min illər boyu yetişdirdiyi, adları qədim dünyanın əfsanəvi qəhrəmanları ilə yanaşı çəkilən qəhrəmanlarımız olmadan tarix və mədəniyyətimizi təsəvvür etmək olmaz. Qəhrəmanlıq özü bir fövqəladə hadisədir, insana daxilən xasdır, bu keyfiyyət varsa, o, zamanın, şəraitin tələb etdiyi vaxt bir yatmış vulkan kimi püskürüb üzə çıxır. Digər tərəfdən, öncədən, ya hadisələrin gedişi prosesində məqsədyönlü şəkildə düşünülən, içdən gələn, ürəyin hökmü və əqlin mühakiməsi ilə hazırlanan və zəruri anında üzə çıxan qəhrəmanlıq da vardır. Xalq üçün, dövlət üçün, onları təmsil edən rəhbər üçün fədakarlıqla döyüşə atılıb misilsiz hünər göstərən qəhrəmanlarımız tariximizin hər mərhələsində olmuşdur, yaşadığımız üçüncü minillikdə də vardır, hər zaman da olacaqdır.
Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. Bu illər ərzində bir çox tarixi hadisələr baş verir. Bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə tarixi hadisələr də var ki, heç vaxt unudulmur. Qərinələr ötsə, nəsillər bir-birini əvəz etsə belə öz qanları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğullarımız heç vaxt unudulmur. Ən ali, müqəddəs və şərəfli olan Şəhidlik zirvəsinə yüksələnlər daim qəlblərdə yaşayırlar. Uca Yaradanın, Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edənlər hər zaman hörmətə layiqdirlər. Minlərlə oğullarımız Vətən uğrunda canlarından keçərək Şəhidliyin ən uca zirvə olduğunu hər an sübut ediblər. Vətənini sevən hər bir insan da bu torpaq uğrunda canından keçmiş şəhidlərini, Milli Qəhrəmanlarını unutmamalı, onların əziz xatirəsini daim yad etməlidir. Vətənə olan sonsuz sevgi sayəsində Şəhidlik adlı zirvəni fəth edən, 30 illik həsrətdən sonra doğma Qarabağımızı, Şuşamızı bizə geri qaytaran oğullarımızın xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək hər kəsin vətəndaşlıq borcu olmalıdır. Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. “Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu gənclərimizdə hər zaman yüksək səviyyədə olub.
Şair və yazıçılarımızın Qarabağ və digər torpaqlarımız uğrunda şəhid olan qəhrəman oğullarımızın rəşadətlərini əks etdirən bir çox maraqlı bədii əsərləri, həmçinin, bir sıra kinofilmlər, teatr tamaşaları, digər sənət nümunələri xalqımızı qəhrəmanlığa kökləyir, qələbə inamı aşılayırdı. “Ümid sənə qalıbdır, Azərbaycan əsgəri!” şeiri xalqımızı azadlıq savaşına səsləyirdi. Nəhayət, Ali Baş Komandanın “Döyüşə!” əmrini gözləyən Azərbaycan Ordusu 2020-ci ilin 27 sentyabrında erməni işğalçılarına qarşı başladığımız Vətən müharibəsində öz sözünü dedi. Vətən torpağının işğaldan azad edilib etibarlı qorunmasında Azərbaycan əsgəri, bütünlükdə xalqımızın vətənpərvər övladları yeni-yeni qəhrəmanlıq nümunələri ilə adlarını tarixə yazdılar. Xalqımız möhtəşəm qələbəmizin sevincini yaşayanda Vətən üçün fədakarlıqla öz canlarını qurban verən qəhrəmanlarımızın da intizarlı ruhları şad olur. Keçən illər ərzində öz əsərləri, çağırışları ilə xalqımızın qəhrəmanlıq ruhunu diri tutan, onu zəfərə səsləyən böyük şair və yazıçılarımızın da qəbirləri nurlanır.
Cənab İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” sərəncamla əbədiləşdirdiyi bu gün yalnız ölkəmizdə deyil, respublikamızdan kənarda yaşayan azərbaycanlılar tərəfindən də ehtiramla qeyd olunur. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. Hər bir xalqın həyatında elə mühüm tarixi anlar olur ki, bu anlar həmin xalqın yalnız bugününə təsir etmir, onun bütün gələcəyini şəkilləndirir, tarixinə yön verir. Xalqın gücü, mübarizə ruhu həmin anlarda özünü bütün əzəməti ilə büruzə verir. Qəhrəmanlıqla həlak olan, yaxud qazi olan Vətən müharibəsi qəhrəmanlarımızın döyüş yolu xalqımızın qəlbində və zehniyyətində əbədi həkk olunan Zəfər yoludur, bölünməz, vahid, qüdrətli, gələcəyinə inanan və ona doğru inamla irəliləyən böyük xalqın Qələbə yoludur, öz soy-kökümüzə, əcdadlarımızın bizə miras qoyduğu ənənələrə Sədaqət yoludur, azad edilmiş torpaqlarımızın dirçəldilməsi və Quruculuq yoludur, xalqımızın Ulu öndər Heydər Əliyev siyasətinə, bu siyasəti polad iradəsi ilə dönmədən həyata keçirən, Azərbaycanın ərazi bütövlüyünü təmin edən, tarixi qələbənin memarı və komandanı Prezident İlham Əliyevə İnam Yoludur.
Anar Babayev,
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı
👁 baxış
