27 Sentyabr 2020-ci il —
Azərbaycanın müasir tarixində dönüş nöqtəsi. Torpaqlarımızın azadlığına aparan şərəfli yolun ilk addımı. Uzun illər xalqımızın üzərində bir kölgə kimi dolaşan “məğlub xalq” sindromunun birdəfəlik sındırıldığı, Azərbaycan xalqının öz qanı, canı və sarsılmaz iradəsi ilə tarix yazmağa başladığı gün.
27 Sentyabrda başlayan və 44 gün davam edən Vətən müharibəsi— sadəcə bir hərbi əməliyyatlar silsiləsi deyildi; bu, milli ləyaqətin, tarixi ədalətin və xalq birliyinin təntənəli qalibiyyət yürüşü idi. Müharibə nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Qarabağın tacı sayılan Şuşa döyüş meydanında azad edildi. Ağdam, Kəlbəcər və Laçın rayonları isə hərbi-siyasi yollarla geri qaytarıldı.
Vətən müharibəsi Azərbaycan Ordusunun qüdrətini, xalqımızın birliyini və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi. 44 gün ərzində dövlət, xalq və ordu misilsiz bir həmrəylik və birlik nümunəsi göstərdi ki, bu nümunəyə hər bir xalq, hər bir dövlət həsədlə baxa bilər. Həmin günlərdə 10 milyonluq Azərbaycan xalqının, o cümlədən xaricdə yaşayan milyonlarla soydaşımızın ürəyi yalnız və yalnız Qarabağla döyünürdü. Hər bir vətəndaşımız Ali Baş Komandanın xalqa müraciətlərini, həmin müraciətlərdə səsləndirilən qətiyyətli mesajları və azad olunan kənd və şəhərlərimizin adlarını səbirsizliklə gözləyirdi.
Düşmən isə bir daha sübut etdi ki, tarix boyu olduğu kimi, bu dəfə də ədalətli mübarizədən uzaqdır. Meydanda məğlub olduqca, mülki əhaliyə hücum etdi, Gəncə, Bərdə, Mingəçevir, Tərtər kimi şəhərlərimizi ballistik raketlərlə atəşə tutaraq xalqımızın iradəsini sarsıtmağa çalışdı. Lakin anlamadılar ki, artıq bu xalq üçün yalnız bir yol var: “Ya Qarabağ, ya ölüm!”. Düşmən raketləri evləri dağıtsa da, ruhumuzu əzmədi. Əksinə — xalqımız daha da birləşdi, daha da gücləndi. Evini itirən insanlar belə “Vətən sağ olsun!” deyərək bu mübarizənin önündə yer aldı. Bu sarsılmaz birlik, bu yenilməz iradə nəticəsində Azərbaycan “keçilməz” deyilən sədləri keçdi, “məğlubedilməz” sanılanı məğlub etdi, “mümkün deyil” deyiləni mümkün etdi. Bəli, 27 Sentyabr yalnız müharibənin başlandığı gün deyil, xalqın içindəki milli ruhun alovlandığı, öz gücünə inamın yenidən doğulduğu gün oldu.
8 Noyabr – Şuşanın azad olunduğu gün isə bu Zəfərin zirvəsi oldu. Tarixi ədalət bərpa olundu, xalqın qüruru özünə qaytarıldı. 10 Noyabrda imzalanan üçtərəfli bəyanatla düşmən ağ bayraq qaldırmağa məcbur oldu və Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdi. Bu zəfər təkcə ordunun deyil, bütün bir millətin zəfəri, şəhidlərin qanı ilə yazılmış, qazilərin canı ilə ucaldılmış müqəddəs zəfərdir!
Beş il keçsə də, bu yol zəfərlərlə davam edir. 2023-cü ilin aprel ayında Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması, sentyabr ayında isə Xocalı, Xocavənd, Xankəndi, Ağdərə və Əsgəranın qısa müddətli antiterror əməliyyatı ilə nəzarətə götürülməsi bu uğurların davamı oldu. 2025-ci ildə isə tamamilə yeni bir mərhələnin başlanğıcı baş verdi. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətni paraflandı. Bununla da Cənubi Qafqazda müharibələr dövrü başa çatdı. Regionda indi sülh, əməkdaşlıq və birgəyaşayış dövrü başlayır. Bu, Ermənistanın xoş niyyətlə deyil, Azərbaycanın hərbi gücü və siyasi iradəsi qarşısında geri çəkilməyə məcbur qalması nəticəsində mümkün oldu. 27 Sentyabrda başlanan tarixi yol, 8 avqustda dünyanın bir nömrəli paytaxtında, dünyanın bir nömrəli ofisində, dünyanın ən qüdrətli Prezidentinin iştirakı ilə məntiqi nəticəsinə çatdı. Paraflanan sülh sənədi Azərbaycanın milli maraqlarına tam uyğun şəkildə tərtib olunub. Bu tarixi zəfərlərin və nailiyyətlərin əsasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin dəmir iradəsi, qətiyyətli liderliyi və uzaqgörən siyasəti dayanır. Onun rəhbərliyi ilə Azərbaycan yeni dövrə – quruculuq, inkişaf və dayanıqlı sülh dövrünə qədəm qoyub.
Ramazanova Həcər Ramazan qızı
Bakı şəhəri Pirallahı rayonu, 186 №-li tam orta məktəbin
Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı
👁 baxış
