Antiterror əməliyyatı bütün Qafqazda dayanıqlı sülhə, əmin-amanlığa və təhlükəsizliyə misilsiz töhfə verən tarixi missiya idi

Dövlətimizin suverenliyinin, ərazi bütövlüyünün tam bərpası, ərazilərimizdə erməni separatizminin kökünün kəsilməsi ilə nəticələnən uğurlu antiterror əməliyyatının başa çatmasından iki il ötdü. Qısa müddətdə, yüksək peşəkarlıqla həyata keçirilən antiterror əməliyyatından bir neçə məqamı xüsusi olaraq qeyd etmək lazımdır. Bu tarixi hadisəyə fikir bildirmək, əməliyyatın əhəmiyyəti, nəticələri və s. haqqında mülahizələr oxucularda daha geniş və gerçək düşüncə formalaşdıracaqdır. Təbii olaraq, ilk növbədə, ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan soydaşlarımızın xatirəsini bir daha hörmət və ehtiramla anır, onların ailə üzvləri və yaxınlarına səbir diləyirik. Qarabağ Zəfərinin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi.

Lokal xarakterli antiterror tədbirləri regionda sülhün bərqərar olmasına misilsiz töhfə verdi. Azərbaycanın inamlı qələbəsi bir daha sübut etdi ki, ölkəmizlə ultimatum dilində danışmaq olmaz. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Azərbaycan ərazisində separatizmin kökü kəsildi. Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələri tərk-silah edilərək ərazilərimizdən çıxarıldı, respublikamızın suverenliyi tam təmin edildi, bütün ölkə ərazisində Konstitusiya quruluşu bərpa olundu. Təbii ki, antiterror əməliyyatı üzrə planda nəzərdə tutulan tapşırıqların icrasının qısa zamanda təmin olunmasında komandir və əsgər heyətinin peşəkarlığı və əvvəlki döyüş əməliyyatlarında qazanılan təcrübə böyük rol oynadı. Xankəndi şəhərinin həm qərbdən, həm də şərqdən dövrələnərək mühasirəyə alınması düşmənin müqavimət gücünü azaltdı və separatçıların döyüş əzmini tamamilə qırdı. Ərazidəki qanunsuz silahlı qruplaşmalara məxsus bütün hərbi infrastruktur obyektlərinə, atəş və döyüş mövqelərinə eyni anda və qarşılıqlı əlaqə şəraitində güclü zərbələr endirilməsi düşmən qüvvələri arasında şok effekti yaratdı. Ordumuz düşmənə başını qaldırmağa imkan vermədi. Milli Ordu bölmələrinin 13 istiqamətdə irəliləyərək güclü və dəqiq atəşlər açması Ermənistan silahlı birləşmələrinin qalıqlarının komandanlığını və separatçı rejimin rəhbərliyini çaş-baş qoydu. İdarəetməni itirən, əlavə güc və qüvvə cəlb etməyə imkan tapmayan düşmən qüvvələri Azərbaycan Ordusunun bölmələri tərəfindən zərərsizləşdirildi və ya silah-texnikasını ataraq qaçmağa məcbur oldu.

Antiterror əməliyyatından sonra ölkəmizin təkcə coğrafi xəritəsində deyil, sosial və quruculuq xəritəsində də çox böyük dəyişiklik baş verib. Az qala hər gün yeni bir ünvanın, yeni bir infrastruktur obyektinin bünövrəsi qoyulur, yeni bir ocaqda işıq yanır. Vaxtilə erməni quldur birləşmələrinin xaraba qoyduğu Qarabağın və Şərqi Zəngəzurun yaşayış məskənlərində abad və yaraşıqlı şəhər və kəndlər salınır, yeni-yeni ünvanlar boy göstərir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev ordumuzun peşəkarlıqla həyata keçirdiyi antiterror əməliyyatındakı uğurlarını yüksək qiymətləndirdi, əməliyyatda iştirak edən hərbçilərimiz orden və medallarla təltif olunublar. Bu diqqət və qayğı hərbçilərimizi Vətənimizin keşiyində daima ayıq-sayıq dayanmağa və üzərinə düşən vəzifələri vicdanla yerinə yetirməyə, hər bir əmrə hazır olmağa ruhlandırır. Bu gün fəxrlə qeyd edə bilərik ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində olduğu kimi, 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının qısa müddət ərzində, uğurla başa çatması ədalətin, Vətən sevgisinin və peşəkarlığın təntənəsidir. Antiterror əməliyyatı bütün Qafqazda dayanıqlı sülhə, əmin-amanlığa, firavan həyata və təhlükəsizliyə misilsiz töhfə verən tarixi missiyadır. Günü-gündən qüdrətlənən, qələbələr carçısı, qalib Azərbaycan Ordusu daima qürur mənbəyimizdir. Xalq ordumuza inanır və güvənir.

Emin Süleymanov,
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı

👁 baxış