Suverenlik və Zəfər

Suveren dövlət — beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, daxili və xarici siyasətində tam müstəqil olan, digər dövlətlərin təsir və asılılığından uzaq şəkildə müəyyən coğrafi ərazidə suveren hüquqlarını həyata keçirən dövlətdir. Təəssüf ki, Azərbaycan uzun illər bu fundamental hüquqlardan — ərazi bütövlüyü və suverenlikdən — məhrum olmuşdur.

1991-ci ildə Azərbaycan çətin və mürəkkəb geosiyasi şəraitdə öz müstəqilliyini elan etsə də, çox keçmədən ciddi sınaqlarla üz-üzə qaldı: işğal, müharibə, torpaq itkisi, bir milyona yaxın soydaşımızın məcburi köçkünə çevrilməsi, dərin iqtisadi tənəzzül və sosial-iqtisadi böhranlar ölkəni bürüdü. Belə ağır bir dönəmdə Azərbaycan xalqı tarixinin ən mühüm qərarlarından birini verdi — Ümummilli Lider Heydər Əliyevi yenidən siyasi hakimiyyətə dəvət etdi. Məhz bu dönüş nöqtəsindən sonra ölkədə sabitlik bərpa olundu, informasiya blokadası yarıldı və Azərbaycanın gələcəyi üçün strateji addımlar atılmağa başlandı. “Əsrin müqaviləsi”nin imzalanması, güclü ordu quruculuğu, siyasi və mədəni həyatın canlandırılması istiqamətində görülən tədbirlər Azərbaycanın möhkəm təməllər üzərində yüksəlməsini təmin etdi. Lakin xalqın qəlbində bir yara sağalmamış qalırdı — Qarabağ hələ də işğal altındaydı.

2016-cı ildə Azərbaycan Ordusunun Aprel döyüşlərində qazandığı ilk böyük uğur ümidləri yenidən alovlandırdı. Tərtərin Talış kəndi ətrafındakı strateji yüksəkliklər, Cəbrayılın Lələtəpə yüksəkliyi, Cocuq Mərcanlı, Goranboyun Gülüstan kəndi və Tərtərin Madagiz kəndi istiqamətində bir sıra mövqelər düşməndən azad edildi. Bununla da illərlə təbliğ edilən “keçilməz erməni səngərləri” mifi darmadağın oldu. 2018-ci ildə Naxçıvan Muxtar Respublikasında həyata keçirilən uğurlu hərbi əməliyyatlar nəticəsində minlərlə hektar ərazi, o cümlədən Şərurun Günnüt kəndi düşməndən azad edilərək, dövlət sərhədinin mühüm hissəsi Azərbaycan Ordusunun nəzarətinə keçdi.

Və nəhayət, 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı tarixində dönüş nöqtəsi oldu. Hər günü qəhrəmanlıq dastanına çevrilən bu müharibə nəticəsində torpaqlarımız işğaldan azad edildi, xalqımızın 30 illik həsrəti sona çatdı. Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu və tarixi 10 noyabr bəyanatı ilə Azərbaycanın ərazi bütövlüyü bərpa olunmağa başlandı.

Lakin çox keçmədi ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınaraq yenidən təxribatlara əl atdı: ərazilərimizin minalarla çirkləndirilməsi, sərhəd insidentləri, və ən əsası — qanunsuz silahlı birləşmələrin Qarabağda fəaliyyətini davam etdirməsi yeni reallıqlar yaratdı. Nəticədə 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilən lokal antiterror tədbirləri ilə Azərbaycanın suverenliyi tam şəkildə bərpa olundu. Bu qələbə də, əvvəlkilər kimi, qanla və canla yazıldı. Beləliklə, artıq Xankəndi, Xocalı, Xocavənd, Şuşa, Laçın, Ağdam, Kəlbəcər, Zəngilan kimi şəhər və rayonlarımız Azərbaycanın üçrəngli bayrağının kölgəsində əzəmətlə, qürurla yaşayır. Bu torpaqlarda həyat yenidən canlanır, doğma yurduna qayıdan xalq yenidən qurur, yaradır, dirçəlir.

Bu tarixi zəfərləri bizə bəxş edən şəhidlərimizin müqəddəs xatirəsi qarşısında baş əyirik. Qazilərimizə, əsgər və zabitlərimizə sonsuz təşəkkür və ehtiramımızı bildiririk. Ən başlıcası isə, bu zəfərin baş memarı — Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin uzaqgörən siyasətinə, dəmir iradəsinə və əzmkar liderliyinə minnətdarıq. Çünki bu qələbə onun siyasi strategiyasının, milli maraqlara əsaslanan qətiyyətinin və xalqla birliyinin təntənəsidir.

Xəyalə Cavanşirli

Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi

👁 baxış