Dövlət Suverenliyi Günü – Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır

Azərbaycanın müasir tarixi zəngin uğurları, möhtəşəm zəfərləri və mühüm diplomatik nailiyyətləri ilə seçilir. Xüsusilə, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi dövlətçilik tariximizdə əsl dönüş nöqtəsinə çevrildi. Bu Qələbə yalnız ərazi bütövlüyümüzün bərpası deyil, eyni zamanda milli həmrəyliyin, rəşadətli ordumuzun qüdrətinin və xalq–dövlət birliyinin təntənəsi oldu. Vətən müharibəsindən sonra ölkəmizin ictimai-siyasi həyatında yeni bir mərhələ başlandı. Qələbənin doğurduğu ruh yüksəkliyi xalqımızı daha böyük əzmlə çalışmağa, dövlətçiliyimizi daha da möhkəmləndirməyə ruhlandırdı.

Cəmiyyətin bütün təbəqələrində vətənpərvərlik hissləri, milli həmrəylik və inkişaf meyli daha da gücləndi. Azərbaycan dövləti isə həm regionda, həm də beynəlxalq səviyyədə daha fəal mövqe tutmağa başladı, siyasi, iqtisadi və diplomatik nüfuzunu ardıcıl olaraq artırdı. Lakin 2023-cü ilə qədər ölkəmizin qarşısında hələ də həllini gözləyən mühüm bir məsələ qalmaqda idi: dövlət suverenliyinin tam bərpası. Doğrudur, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla Ermənistan tərəfi müəyyən öhdəliklər götürmüş, Rusiya sülhməramlı kontingentinin bölgəyə erməni silahlı birləşmələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməsi nəzərdə tutulmuşdu. Lakin ötən üç il ərzində bu öhdəliklər yerinə yetirilmədi. Əksinə, Ermənistan və onun dəstəklədiyi qanunsuz silahlı birləşmələr dəfələrlə sərhəddə təxribatlar törətmiş, vəziyyəti gərginləşdirməyə çalışmışdılar. Bütün bunlar Azərbaycan dövlətinin səbr kasasını daşırdı. Nəticədə, 2023-cü ilin 19–20 sentyabr tarixlərində cəmi bir gündən az müddətdə həyata keçirilən lokal anti-terror tədbirləri ilə Azərbaycan Respublikası öz suverenliyini tam bərpa etdi. Dövlətimizin konstitusion quruluşu bütün ərazilərimizdə – o cümlədən Qarabağda – təmin olundu. Bu tarixi ədalətin bərpası bir daha sübut etdi ki, Azərbaycan öz torpaqlarını yalnız və yalnız öz gücü, öz iradəsi, öz qanı və canı bahasına azad edir. Elə buna görə də Vətən bizim üçün müqəddəsdir. Hər qarışında şəhidlərimizin, igid oğullarımızın qanı olan bu torpağı necə sevməmək olar? Necə olur ki, bu torpaq üçün can verməyə, fədakarlıq göstərməyə tərəddüd edilsin? Bu torpaq yalnız coğrafi məkan deyil – bu, milli kimliyimizin, tariximizin və müstəqilliyimizin rəmzidir.

Bu gün biz azad şəkildə Qarabağımızda, Zəngəzurumuzda yaşayır, yaradırıqsa, dünyanın aparıcı paytaxtlarında sülh danışıqları aparır, strateji Bəyanatlara imza atırıqsa, bu, ilk növbədə şəhidlərimizin müqəddəs qanı və xalqımızın sarsılmaz iradəsi sayəsində mümkün olmuşdur. Eyni zamanda, bu gün Azərbaycanın əldə etdiyi bütün uğurların mərkəzində güclü, prinsipial və uzaqgörən lider dayanır – Müzəffər Ali Baş Komandan İlham Əliyev. Onun dəmir iradəsi, qətiyyətli mövqeyi və milli maraqlara söykənən siyasəti sayəsində Azərbaycan yalnız işğala son qoymadı, həm də regionun aparıcı gücünə çevrildi. Prezident İlham Əliyev XXI əsrin çağırışlarına cavab verən müasir, müstəqil və suveren Azərbaycan modelini yaratdı. Onun rəhbərliyi ilə xalqın tarixi arzusu reallaşdı, illərlə həsrətində olduğumuz torpaqlar azad edildi, milli qürur və ləyaqət bərpa olundu. Bu gün dünya siyasətində söz sahibi olan, qələbələrini təkcə hərb meydanında deyil, diplomatik masada da davam etdirən bir Azərbaycan varsa, bu, məhz İlham Əliyev kimi sarsılmaz və əzmkar liderin sayəsində mümkün olmuşdur. O, təkcə bir dövlət başçısı deyil – o, tarix yazan lider, xalqının güvənc yeri, Zəfər salnaməsinin memarıdır.

Səadət İsmayılova,

Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri

👁 baxış