Qələbə, qürur, qayıdış…

26 avqust tarixi artıq üç ildir ki, Azərbaycan xalqının milli yaddaşında unudulmaz bir gün kimi yer alır. 2022-ci ilin məhz həmin günü Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi, Zabux və Sus kəndləri nəzarətimizə qaytarıldı. Düzdür, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki misilsiz qələbəsindən sonra Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan, bir şəhid verilmədən siyasi və diplomatik üstünlük nəticəsində Azərbaycanın nəzarətinə keçmişdi. Lakin belə bir vacib nüans var idi ki, Ermənistanı Xankəndi ilə birləşdirən əsas yol məhz Laçın şəhərinin mərkəzindən keçirdi. Bu səbəbdən şəhər mərkəzi, Zabux və Sus kəndləri ilkin mərhələdə nəzarətimizdən kənarda qalmışdı.

Bu məsələ 10 noyabr Bəyanatında da öz əksini tapmışdı. Bəyanatda göstərilirdi ki, Laçın dəhlizi boyunca yeni bir nəqliyyat marşrutunun inşası təmin olunmalı, həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlılarının nəzarətinə verilməli idi. Prezident İlham Əliyevin uzaqgörən və prinsipial mövqeyi nəticəsində cəmi 1 il 8 ay ərzində Azərbaycan tərəfindən yeni yol tikilərək istifadəyə verildi. Rusiya tərəfi ilə razılaşdırılmış şəkildə sülhməramlıların Laçın şəhərinin mərkəzindən çıxarılması təmin edildi və beləliklə, Laçın şəhəri, Zabux və Sus kəndləri 26 avqust 2022-ci il tarixində nəzarətimizə qaytarıldı. Bu hadisə yalnız hərbi nailiyyət deyil, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasi iradənin və strateji uzaqgörənliyin təntənəsi idi. Bu, dövlət başçısının milli maraqlara söykənən, ardıcıl və prinsipial siyasətinin daha bir real nəticəsi kimi tarixə düşdü.

Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli liderliyi təkcə müharibə meydanında deyil, siyasi, diplomatik və strateji cəbhələrdə də Azərbaycanı qalib etdi. Onun dəmir iradəsi, güzəştə getməyən prinsipial mövqeyi və dövlət maraqlarının daim üstün tutulması nəticəsində Azərbaycan müharibədən sonrakı dövrdə də əldə etdiyi geosiyasi və hərbi üstünlüyü qorumağı bacardı. Bu siyasətin ən bariz nümunələrindən biri də 2023-cü ilin sentyabrında cəmi bir gün ərzində uğurla həyata keçirilən lokal anti-terror tədbirləri oldu. Bu tədbirlərin real nəticəsi kimi Qarabağda fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı birləşmələrinin tərksilah edilməsi və separatçı rejimin ləğvi ilə Azərbaycan öz suverenliyini tam şəkildə bərpa etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti tarixdə bir daha pozula bilməyəcək ədaləti və ərazi bütövlüyünü təmin etdi.

Bu qələbələr sadəcə torpaq üzərində nəzarətin bərpası deyil – bir millətin qürurunun, əzminin və mübarizə ruhunun təsdiqidir. Laçın şəhəri– ucalığın, mərdliyin və əzəmətin rəmzidir. Onun işğalı zamanı Azərbaycan xalqı yalnız fiziki bir ərazini deyil, ürəyinin bir parçasını itirmişdi. Lakin xalqımız bu ağrını səbrlə daşıdı, ümidini heç vaxt itirmədi və liderinə inamını qorudu. Bu gün Laçında həyat yenidən cücərir. Küçələrə uşaq səsləri, məktəblərə bilik işığı, evlərə ailə istiliyi qayıdıb. Uzun illərdən sonra insanlar doğma torpaqlarında namaz qılır, bulaqlarından su içir, övladlarını böyüdür. Laçın artıq sadəcə bir şəhər deyil –dirilən

ruhdur, qayıdan iradədir, yenidən doğulan milli kimlikdir.

Sailə Salahova
YAP Pirallahı rayon təşkilatının fəalı

👁 baxış