Tarixi zirvə görüşü

22 avqust 2025-ci il tarixində Türkmənistanın Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan və Özbəkistan Respublikaları arasında yüksək səviyyəli üçtərəfli Zirvə görüşü keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə baş tutan görüş qarşılıqlı hörmət, səmimiyyət və əməkdaşlıq ruhunda keçmiş, bir sıra mühüm qərarların qəbul olunması ilə yadda qalmışdır. Görüşün yekununda Birgə Bəyanat imzalanmışdır. Eyni zamanda, Füzuli şəhəri (Azərbaycan Respublikası) ilə Arxadağ şəhəri (Türkmənistan) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Protokol imzalanmış, bu isə əlaqələrin humanitar və mədəni əsaslarda daha da genişlənəcəyini göstərmişdir. Prezident İlham Əliyev bu addımı xalqlarımız arasında dərin qardaşlıq münasibətlərinin rəmzi kimi dəyərləndirmişdir.

Xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyev 2024-cü ilin fevralında keçirilən andiçmə mərasimindəki tarixi çıxışında Azərbaycanın strateji xarici siyasət prioritetlərini açıqlayaraq, “Bizim ailəmiz Türk dünyasıdır” bəyanatı ilə ölkəmizin Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrinin gələcək inkişaf istiqamətini açıq şəkildə ifadə etmişdir. Dövlət başçısı həmin çıxışında bildirmişdir ki, bizim Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır.

Bu kontekstdə Zəngəzur dəhlizinin yaradılması məsələsi xüsusilə önəm kəsb edir. Zəngəzur dəhlizi yalnız Azərbaycanın qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirməklə kifayətlənməyəcək, eyni zamanda bütün türk dövlətləri üçün strateji nəqliyyat bağlantısına çevriləcəkdir. Bu dəhliz vasitəsilə Mərkəzi Asiyanı, o cümlədən Türkmənistan və Özbəkistanı Türkiyə üzərindən Avropa bazarları ilə birləşdirən geniş nəqliyyat şəbəkəsi formalaşacaq. Zəngəzur dəhlizi Türk Dövlətləri Təşkilatının iqtisadi və siyasi inteqrasiyasını gücləndirəcək, eyni zamanda regionda sabitliyin və dayanıqlı inkişafın təmin olunmasına mühüm töhfə verəcəkdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu strateji layihə Türk dünyasını fiziki və iqtisadi baxımdan daha da yaxınlaşdırmaqla yanaşı, onun qlobal güc mərkəzinə çevrilməsi prosesini sürətləndirəcəkdir.

Beləliklə, Türkmənbaşı Zirvə görüşü bir daha sübut etdi ki, Türk Dövlətləri arasında həmrəyliyə və əməkdaşlığa əsaslanan yeni siyasi və iqtisadi mərhələ başlanmışdır. Azərbaycan bu prosesdə mərkəzi rol oynayaraq regionda sülhün, təhlükəsizliyin və davamlı inkişafın təmin olunmasına töhfəsini verməyə davam edir.

 

İlahə Abdullayeva

YAP Pirallahı rayon təşkilatının üzvü

👁 1 baxış