Dövlət suverenliyinin bərpasında növbəti mərhələ: 26 Avqust 2022-ci il

26 avqust 2022-ci il – Azərbaycanın Zəfər salnaməsində yeni bir parlaq səhifə.
Həmin gün Azərbaycan Laçın şəhəri, Zabux və Sus kəndlərini tam nəzarətə götürərək, suverenliyimizin bərpası istiqamətində növbəti mühüm mərhələni uğurla gerçəkləşdirdi. Bu əlamətdar hadisə 2020-ci ildə Vətən müharibəsində əldə edilmiş möhtəşəm qələbənin məntiqi davamı və dövlətimizin ərazi bütövlüyünün tam təmin olunması istiqamətində atılan növbəti tarixi addım idi.
Qeyd edilməlidir ki, Vətən müharibəsindən əvvəl illərlə aparılan sülh danışıqları çərçivəsində Laçın və Kəlbəcər rayonlarının statusu və geri qaytarılması məsələsi daim ayrıca müzakirə mövzusu olmuşdur. Həmin dövrdə beynəlxalq vasitəçilər tərəfindən Qarabağ ətrafında işğal altında olan beş rayonun mərhələli şəkildə Azərbaycana qaytarılması nəzərdə tutulur, lakin Laçın və Kəlbəcərin taleyinə sonrakı mərhələdə baxılması təklif edilirdi. Bu yanaşma təsadüfi deyildi. Səbəb ondan ibarət idi ki, hər iki rayon Ermənistanla keçmiş “Dağlıq Qarabağ” arasında birbaşa coğrafi bağlantı rolunu oynayır və bu ərazilər vasitəsilə qeyri-qanuni hərbi və logistik təchizat həyata keçirilirdi.
Xüsusilə Laçın dəhlizi uzun müddət Ermənistanla separatçı rejim arasında əsas nəqliyyat bağlantısı olmuşdur. Məhz bu səbəbdən, 1992-ci ildə Laçının işğalı Azərbaycan üçün strateji və milli təhlükəsizlik baxımından son dərəcə ağır nəticələrə səbəb olmuşdur. Laçının itirilməsi nəticəsində Ermənistan silahlı qüvvələri maneəsiz şəkildə hərbi texnika, canlı qüvvə və sursatı Qarabağ bölgəsinə daşıyaraq növbəti rayonların – Ağdərə, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanın – işğalını reallaşdırmışdır.
26 avqust 2022-ci il isə tarixi ədalətin bərpası və Azərbaycanın dövlət suverenliyinin daha bir zəfərlə möhkəmləndirilməsi anlamına gəlirdi. Laçın şəhəri və ətraf kəndlər üzərində tam nəzarətin bərqərar edilməsi, üçrəngli bayrağımızın bu torpaqlarda dalğalanması təkcə hərbi və siyasi uğur deyil, həm də xalqımızın milli qürur mənbəyi oldu. Bu hadisə Azərbaycanın öz torpaqlarına sahib çıxmaq iradəsinin və hüquqi mövqeyinin həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə açıq təzahürü idi.
Onu da xüsusi vurğulamaq lazımdır ki, Laçın və Kəlbəcər rayonlarının müəyyən hissələri 44 günlük Vətən müharibəsi zamanı müzəffər Azərbaycan Ordusu tərəfindən azad edilmişdi. Belə ki, Laçının cənub, Kəlbəcərin isə şimal hissəsi döyüş yolu ilə geri qaytarılmışdı. Lakin Laçın şəhəri bir müddət nəzarətimizdən kənarda qalmışdı. Bu isə həmin vaxt Ermənistanı Xankəndi ilə birləşdirən əsas avtomobil yolunun birbaşa Laçın şəhərinin mərkəzindən keçməsi ilə bağlı idi. Məhz bu səbəbdən 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatda alternativ yolun çəkilməsi nəzərdə tutulmuş və bu müddətin üç il ərzində tamamlanması razılaşdırılmışdı.
Azərbaycan tərəfi isə bu öhdəliyi daha qısa müddətdə – cəmi 1 il 8 aya – yerinə yetirərək alternativ yolun inşasını başa çatdırdı. Bunun ardınca Laçın şəhəri və ətraf kəndlər heç bir toqquşma olmadan nəzarətimizə qaytarıldı. Xalq arasında rus sülhməramlılarının bölgəyə yerləşdirilməsi ilə bağlı yaranan narahatlıqlar da bu mərhələdə aradan qalxdı. Cəmiyyətin bir qismi belə düşünürdü ki, Rusiya sülhməramlıları bölgədən çıxmayacaq və Azərbaycan Ordusunun Laçına yerləşməsi mümkün olmayacaq. Lakin zaman göstərdi ki, Azərbaycan dövləti bu məsələni də öz siyasi iradəsi və hüquqi mövqeyi ilə uğurla həll etdi. Rus sülhməramlıları vaxtından da əvvəl ərazidən çıxarıldı.
Bütün bu uğurlar, heç şübhəsiz, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin prinsipial mövqeyi, dəmir iradəsi və uzaqgörən siyasətinin nəticəsidir. Bu gün artıq Azərbaycan xalqı azad və suveren Laçında qürurla yaşayır, quruculuq və bərpa işlərinə böyük ruh yüksəkliyi ilə qatılır. Laçında həyata keçirilən genişmiqyaslı layihələr, infrastruktur quruculuğu və sosial rifah yönümlü tədbirlər bir daha sübut edir ki, Azərbaycan işğaldan azad olunmuş torpaqlarda həyatın tam bərpası və davamlı inkişafı naminə bütün imkanlarını səfərbər etmişdir. Laçının bugünkü dirçəlişi Azərbaycanın gücünü, xalqının birliyini və dövlətimizin sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirir.

Mehparə Mansırova
Bakı şəhəri, 243 nömrəli tam orta məktəbin direktoru

👁 baxış