Bu kitabımda Xocalıda əsir düşən insanları və şahidləri danışdırmışam – MÜSAHİBƏ

Tanıtım: Vasif Əlihüseyn Əlifağa oğlu 1985-ci ildə Cəlilabad rayon Muğan kəndində anadan olub. Moskva Sosial Dövlət Universitetinin filologiya və Bakı Slavyan Universitetinin yaradıcılıq fakültəsini bitirib. AYB-nin və AJB-nin üzvüdür. “Ayrılığın rəngi”, “Divara yazılmış azadlıq sözü”, “Cənnət yolçuları”, “Azmış kimi…” və “25-dən 26-na keçməyən gecə” adlı kitablarının müəllifidir.

Vasif Əlihüseyn ilə müsahibəni təqdim edirik:

– Vasif bəy, yeni kitabınız işıq üzü gördü, təbrik edirəm, adı da maraqlıdır.

– Təşəkkür edirəm. Kitab Xocalı faciəsindən bəhs edir və adını da şair Qulu Ağsəs qoyub, “25-dən 26-na keçməyən gecə”.

– Bizə kitab haqqında məlumat verərdiniz.

– Əlbəttə. Kitab Ali Baş Komandan İlham Əliyevin Xocalıda sakinlər qarşısında çıxışı ilə başlayır. Sonra isə tanınmış şəxslərin Xocalı faciəsinə münasibətini öyrənmişəm və ardıyca isə şahidləri və əsirləri danışdırmışam.

– Onda bu təzə yazılar deyil…

– Xeyr. Bu yazılar jurnalist işlədiyim illərdə əsir və şahidlərdən aldığım müsahibələrdir ki, onları kitabda toplamışam.

– Kitabı oxucular necə əldə edə bilər? Satışda varmı?

– Kitab “Qanun” nəşriyyatında 300 tirajla işıq üzü gördü. Yaxın dostların köməyi ilə kitabın nəşriyyat xərcini ödədik. Heç bir mağazaya kitab verməmişəm və elə fikrim də yoxdur. Kitabı əldə etmək istəyənlər birbaşa mənimlə əlaqə saxlaya bilərlər.

– Bəs niyə təqdimat və imza günü keçirmədiniz?

– Kitab Xocalı faciəsinin ildönümündən bir neçə gün sonra çap olundu. Ona görə də düşündüm ki, gecdi. Amma Xocalı faciəsinin növbəti ildönümündə təqdimat keçirib kitabda yer alan şəxsləri ora dəvət etməyi düşünürəm.

– Kitabda əsirlər hansı işgəncələrdən danışır?

– Hamımızın tanıdığı Dürdanə xanım Ağayeva 8 gün Xocalıda olmazın işgəncələrinə məruz qalıb. O, Monte Melkonyanın və Vitali Balasanyanın ona verdiyi işgəncələrdən danışıb. Təəssüf ki, Dürdanə xanım xərçəngdən vəfat etdi. Ermənilər gitara ifaçısı Valeh Hüseynovun “Qarabağ şikəstəsi” ifa etdiyi üçün əlini sobada yandırıblar. Əsirlərin kəlbətinlə qızıl dişlərini çıxarıblar.        Kitabda bir gecədə 10, 15 nəfər yaxınını itirən insanlar dəhşətləri danışır. Kitabın redaktoru Hicran xanım Hüseynovadır və o, kitabı redaktə edəndə dedi ki, gecələri yata bilmirəm, çox dəhşətli hadisələrin şahidi oldum. Xocalı faciəsi əsrin faciəsidir və heç vaxt tarixdən silinə bilməz.

“25-dən 26-na keçməyən gecə” - Vasif Əlihüseynin yeni KİTABI

– Kitabda daha hansı məşhur döyüşçülər haqda məlumat var?

– Milli Qəhrəman Əlif Hacıyevin bacıları ilə müsahibəm var. Milli Qəhrəman Tofiq Hüseynovun oğlu atası haqda danışıb. Bununla yanaşı, Milli Qəhrəman Allahverdi Bağırovun haqqında qızları danışıb və kitabı onlara da hədiyyə etmişəm.

Ədalət Salman

“Sözün işığı” qəzeti

👁 baxış