Ali təhsil müəssisələrinə qəbul zamanı aşağı balla qəbul imkanlarının genişləndirilməsi kolleclərin rəqabət imkanlarına da təsir göstərib. Xüsusilə 150 ballıq qəbul nəzərdə tutulan ixtisasların sayının artırılması minlərlə abituriyentin orta ixtisas təhsili əvəzinə ali təhsil müəssisələrinə üz tutmasına səbəb olub. Nəticədə kolleclərdə plan yerlərinin boş qalması, maliyyə dayanıqlılığının zəifləməsi və kadr hazırlığının keyfiyyəti ilə bağlı suallar yaranıb.
Bəs bu yanaşma nə dərəcədə düzgündür? Riyaziyyat fənnindən sıfır bal toplayan abituriyent kompüter mühəndisliyi, maliyyə və ya mühasibat kimi ixtisaslara necə qəbul ola bilər? Universitetlərə qəbul imkanlarının genişləndirilməsi kolleclərin gələcəyini hansı vəziyyətə salır?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxsin direktoru, təhsil üzrə menecer Neymət Rüstəmli qeyd edib ki, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul qaydalarında aparılan dəyişikliklər ölkənin gələcək kadr potensialına birbaşa təsir edir:

“Əvvəlki illərdə də birinci və ikinci ixtisas qruplarında bəzi ixtisaslar üzrə 150 ballıq qəbul imkanı mövcud idi. Məsələn, ikinci ixtisas qrupunda turizm və marketinq, birinci ixtisas qrupunda isə meliorasiya, balıqçılıq və şərabçılıq ixtisaslarını qeyd etmək olar.
Lakin 2025-2026-cı tədris ilinin qəbul kampaniyasından etibarən bu siyahı genişləndirildi. Belə ki, ikinci ixtisas qrupunda altı, birinci ixtisas qrupunda isə iki ixtisas üzrə minimal qəbul balı 150-yə endirildi. Bu ixtisaslar arasında kompüter mühəndisliyi, informasiya təhlükəsizliyi, mühasibat, menecment və maliyyə də var.
Həmin ixtisaslara qəbul olmaq üçün abituriyentlərdən yalnız blok imtahanında minimum 50 bal toplamaq tələb olunur. Yəni 400 ballıq blok imtahanından 50, 300 ballıq buraxılış imtahanından isə 100 bal toplayan abituriyent ümumilikdə 150 balla ali məktəbə qəbul ola bilir. Üstəlik, ayrı-ayrı fənlər üzrə hər hansı minimum bal tələbi də yoxdur.
Hamımız yaxşı bilirik ki, kompüter mühəndisliyi, informasiya təhlükəsizliyi, maliyyə və mühasibat kimi ixtisaslar birbaşa riyazi bilik, analitik düşüncə və müəyyən texniki bacarıqlar tələb edir. Burada alqoritmik düşüncə, maliyyə savadlılığı və digər mühüm biliklər ön plandadır. Bəs 150 balla bu ixtisaslara qəbul olan abituriyentlər gələcəkdə necə təhsil alacaq, necə mütəxəssis kimi formalaşacaqlar? Bu, açıq sualdır”.
Direktor bildirib ki, ali təhsilin əlçatanlığının artırılması müsbət yanaşmadır. Lakin bu zaman tədrisin keyfiyyəti də diqqətdə saxlanılmalıdır:
“Əlbəttə, bu qərarın müsbət tərəfi də var. Məqsəd ali təhsilin əlçatanlığını artırmaqdır. Biz də bu yanaşmaya hörmətlə yanaşırıq. Hətta mən də tərəfdarıyam ki, xarici universitetlərdə olduğu kimi, bizim ali təhsil müəssisələrimizə də attestatla qəbul imkanları yaradılsın. Əsas məsələ tədrisin keyfiyyətli qurulmasıdır. Hər kəs təhsilə başlaya bilər, amma yalnız müvafiq bilik və bacarıqlara sahib olanlar təhsili uğurla başa vurmalıdır”.
Kolleclərdə 2 500 plan yeri boş qalıb
Direktorun sözlərinə görə, qəbul imkanlarının genişləndirilməsi kolleclərə də təsirsiz ötüşməyib. Belə ki, bu il 8 mindən çox abituriyent kolleclərə deyil, ali təhsil müəssisələrinə qəbul olunub:
“Kolleclərdə nəzərdə tutulan 18 500 plan yerinə qarşılıq cəmi 16 min abituriyent ixtisas seçimi etdi. Nəticədə 2 500 yer boş qaldı. Əvvəlki illərdə 80-120 balla qəbul aparılan bəzi kollec ixtisaslarına bu il 51-52 balla qəbul halları qeydə alındı. Beləliklə, həm universitetlərdə, həm də kolleclərdə kadr hazırlığının keyfiyyəti ilə bağlı suallar yaranır. Yəni bu prosesin hər iki təhsil pilləsinə təsiri var.
Bundan əlavə, boş qalan 2 500 plan yerinin demək olar ki, hamısı region kolleclərinin payına düşür. Bizim kollecdə də 160 yer boş qalıb və onların hamısı ödənişli əsaslarla olan yerlərdir. Təsəvvür edin ki, bu, kollecin büdcədənkənar vəsaitlər hesabına əldə edə biləcəyi 160 min manat gəlirin itirilməsi deməkdir.
Biz publik hüquqi şəxsik. Kommunal xərclərin ödənilməsi, müəllimlərə mükafatların verilməsi və digər xərclər büdcədənkənar vəsaitlər hesabına həyata keçirilir. Bu baxımdan 160 min manatlıq gəlir itkisi kollecin maliyyə imkanlarına ciddi təsir göstərir”.
Kollecə qəbul ola bilmir, amma universitetə qəbul olmaq imkanı var
Neymət Rüstəmli ali və orta ixtisas təhsili müəssisələrinə qəbul zamanı tətbiq edilən bal tələbləri arasındakı fərqin ciddi ziddiyyət yaratdığını düşünür:
“Burada əsas sual ondan ibarətdir ki, necə olur, universitetə 150 balla qəbul olmaq mümkündür və bu balla maliyyə, mühasibat, kompüter mühəndisliyi, informasiya təhlükəsizliyi kimi ixtisasları seçən abituriyentlərə fənlər üzrə əlavə bal məhdudiyyəti qoyulmur, amma kollecə qəbul olmaq istəyən şəxsdən Azərbaycan dili və riyaziyyat fənlərinin hər birindən minimum 10 bal toplamaq tələb olunur?
Əslində, kollec orta ixtisas təhsilinin pilləsidir. Buna görə də qəbul zamanı tətbiq edilən mexanizmlərdə bu məqam nəzərə alınmalıdır. Məncə, burada limit məsələsi əksinə qurulub. Universitetlərə qəbulda daha ciddi bal tələbləri olmalı, kolleclərdə isə bu məhdudiyyətlər yumşaldılmalıdır. Bunun səbəbini və məqsədini qərar qəbul edənlər daha yaxşı bilər”.
O, mövcud qəbul siyasətinin dəyişməyəcəyi təqdirdə kolleclərin maliyyə dayanıqlılığı, pedaqoji heyətin maddi təminatı və gələcək fəaliyyəti baxımından çətinliklərin yarana biləcəyini vurğulayıb.
Qəbul mexanizmləri yenidən nəzərdən keçirilməlidir
Neymət Rüstəmli hesab edir ki, problemin həlli üçün universitetlərə qəbul zamanı profil fənləri üzrə minimum bal tələbi yenidən tətbiq edilməli, kolleclərə qəbul qaydaları isə daha əlçatan olmalıdır:
“İki təklifim var. İlk növbədə, universitetlərdə 150 balla qəbul aparılan ixtisaslar üzrə minimal bal tələbi yenidən artırılmalıdır. Digər tərəfdən, kolleclərə qəbul zamanı fənlər üzrə minimum bal məhdudiyyəti aradan qaldırılmalı, ümumilikdə 50 balı keçən hər bir abituriyentə ixtisas seçmək imkanı verilməlidir.
Hazırda rayonlarda 80-90 bal toplayan, lakin riyaziyyat və Azərbaycan dilindən 10 baldan aşağı topladığı üçün kollecə ixtisas seçimi edə bilməyən yüzlərlə abituriyent var. Halbuki həmin abituriyent 80 bal topladıqdan sonra blok imtahanında 70 bal da toplasaydı, universitetə qəbul ola bilərdi. Yəni kollecə qəbul ola bilmir, amma universitetə qəbul olmaq imkanı var. Bax, əsas paradoks məhz budur”.
Müsahibimiz əlavə edib ki, ali və orta ixtisas təhsili pillələri arasında qəbul mexanizmləri uyğunlaşdırılmalı, peşə və kollec təhsilinin nüfuzunun artırılmasına xüsusi diqqət yetirilməlidir.
Onun fikrincə, təhsildə əlçatanlığın artırılması keyfiyyət tələblərinin arxa plana keçirilməsi hesabına baş verməməlidir. Ölkənin gələcək kadr potensialı formal diplom göstəriciləri ilə deyil, real bilik və bacarıqlarla formalaşmalıdır.