07 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona həyata keçirdiyi işgüzar səfər, ölkəmizin diplomatik salnaməsində yeni və parlaq bir səhifə açdı. Bu səfər, yalnız iki ölkə arasında münasibətlərin inkişafı baxımından deyil, həm də regional və beynəlxalq miqyasda sülhün və sabitliyin təmin olunması istiqamətində mühüm dönüş nöqtəsi oldu.
Səfər çərçivəsində imzalanmış sənədlər və əldə olunan razılaşmalar, Prezident İlham Əliyevin illərlə həyata keçirdiyi strateji və ardıcıl siyasətin məntiqi nəticəsi idi. Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması bu səfərin mühüm nailiyyətlərindən biri oldu. Bu sənəd, iki ölkə arasında əməkdaşlığın daha da dərinləşəcəyinə və strateji müttəfiqliyin yeni mərhələyə keçəcəyinə açıq siqnaldır.
Səfər çərçivəsində əldə edilən daha bir mühüm nəticə isə, 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul olunmuş və Azərbaycana birbaşa dövlət yardımını qadağan edən 907-ci düzəlişin ləğvi oldu. Bu qərar, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun, eləcə də ölkəmizin haqlı mövqeyinin ABŞ kimi qlobal güc tərəfindən tanınmasının göstəricisidir. Prezident İlham Əliyevin diplomatik iradəsi və praqmatik liderliyi sayəsində bu ədalətsiz və qərəzli sənəd tarixə qovuşdu.
Ən böyük siyasi və diplomatik əhəmiyyətə malik hadisə isə şübhəsiz ki, Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan arasında imzalanmış Birgə Bəyannamə oldu. Bu sənəd, Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişənin yekun həllinə yönəlmiş ən ciddi və real addım olmaqla yanaşı, regionda sülhün və əməkdaşlığın təmin olunmasına dair ümumi siyasi iradənin ifadəsi kimi tarixə düşdü.
Bəyannamənin mətnində xüsusi önəm daşıyan müddəalar sırasında aşağıdakılar xüsusilə diqqət çəkir:
- Sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Sazişin razılaşdırılmış mətninin paraflanması – Bu, sülh sazişinin imzalanması yolunda əsaslı hüquqi və siyasi çərçivənin formalaşdığını göstərir.
- ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı birgə müraciət– Bu addım, artıq münaqişənin beynəlxalq vasitəçilərsiz, birbaşa dialoq və qarşılıqlı anlaşma yolu ilə həll olunmasının təsdiqi oldu.
- Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin olunması– Azərbaycanın milli maraqlarını qoruyan və ölkənin geosiyasi bütövlüyünü təmin edən bu prinsip, illərdir dövlət rəhbərliyinin təkidlə irəli sürdüyü tələblərdən biri idi.
Bu müddəaların hər biri Prezident İlham Əliyevin sülh gündəliyinin tərkib hissəsi olmaqla, Azərbaycanın qətiyyətli mövqeyini və diplomatik uğurunu əks etdirir. Əldə olunan razılaşmalar təkcə keçmişin ağrılarını geridə qoymaq üçün deyil, eyni zamanda regionun gələcəyini sülh, inkişaf və qarşılıqlı hörmət prinsipləri üzərində qurmaq məqsədi daşıyır.
Bütün bu uğurlar bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin milli maraqlara əsaslanan, strateji baxışla formalaşmış uzaqgörən siyasəti Azərbaycanı regionun lider dövlətinə və beynəlxalq münasibətlərdə etibarlı tərəfdaşa çevirib. Vaşinqtonda imzalanmış bu Bəyannamə isə həmin siyasətin növbəti zirvəsidir.
Rauf Əliyev
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının böyük məsləhətçisi
👁 baxış
