Şuşa Bəyannaməsi: etibarlı tərəfdaşlıqdan strateji müttəfiqliyə

Tarix boyu Azərbaycan və Türkiyə xalqları ortaq mədəniyyətə, dinə, dilə və adət-ənənələrə sahib olmuşdur. Hər iki xalq eyni türk köklərindən gəlmiş, oxşar dəyərlərlə formalaşmışdır. Bu yaxınlıq təkcə tarixi və mədəni sahələrlə məhdudlaşmır, eyni zamanda siyasi, iqtisadi və hərbi sahələrdə də özünü göstərir. Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyi 1991-ci ildən sonra Türkiyə onu tanıyan ilk dövlət olmuşdur. Bu dost münasibət zamanla daha da güclənmiş, xüsusilə də müasir dövrdə strateji tərəfdaşlığa çevrilmişdir. İki ölkə arasında bir çox ortaq layihələr həyata keçirilmişdir: TANAP, Bakı-Tbilisi-Ceyhan boru xətti və digər enerji və nəqliyyat layihələri bu əməkdaşlığın nümunələrindəndir. Qarabağ müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi mənəvi və siyasi dəstək xalqımız tərəfindən heç zaman unudulmayacaq. Türkiyə rəsmilərinin və cəmiyyətinin Azərbaycanın haqlı mövqeyini müdafiə etməsi, “Qarabağ Azərbaycandır” şüarına sahib çıxması bu qardaşlığın ən parlaq təzahürlərindən biridir.
Bu gün də Azərbaycan və Türkiyə arasında qarşılıqlı səfərlər, hərbi əməkdaşlıq, təhsil mübadiləsi, ortaq mədəni tədbirlər və bir çox digər sahələrdə inteqrasiya davam edir. Şuşa Bəyannaməsi bu əlaqələrin daha da möhkəmləndiyini göstərir və gələcəkdə birgə fəaliyyətin əsas istiqamətlərini müəyyən edir. Şuşa Bəyannaməsi, Azərbaycan ilə Türkiyə arasında imzalanmış tarixi bir sənəddir. Bu bəyannamə 15 iyun 2021-ci ildə Qarabağın incisi olan Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmışdır. Bu sənəd Azərbaycan-Türkiyə münasibətlərini yeni mərhələyə daşıyan, strateji müttəfiqliyi rəsmi şəkildə təsdiqləyən bir bəyannamədir. Bəyannamənin imzalanması yalnız iki ölkə arasında dostluğun təsdiqi deyil, eyni zamanda regionda sülh və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş siyasi mesaj idi. Xüsusilə də, 44 günlük Vətən müharibəsindən sonra Şuşanın azad olunmasından sonra belə bir sənədin məhz burada imzalanması olduqca rəmzi və mənalı idi. Bu, Azərbaycanın öz torpaqlarını geri qaytarmasının ardından Türkiyə ilə birlik və həmrəyliyini daha da gücləndirdiyini göstərdi. Bəyannamədə iki ölkə arasında siyasi, iqtisadi, hərbi, müdafiə sənayesi, enerji, nəqliyyat, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Xüsusilə təhlükəsizlik və müdafiə sahəsində bir-birinə dəstək verilməsi haqqında müddəalar sənədə strateji əhəmiyyət qazandırır. Bu, əslində, iki ölkənin yalnız diplomatik deyil, hərbi baxımdan da bir-birinin arxasında durduğunu rəsmi şəkildə bəyan etməsidir. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində yeni dövrün başlanğıcıdır. Bu sənəd təkcə iki ölkə arasında deyil, bütövlükdə türk dünyası üçün birgə gələcəyin əsasını qoyur. Şuşada imzalanması isə həm rəmzi, həm də strateji baxımdan Azərbaycanın suverenliyinin və Türkiyə ilə əbədi qardaşlığının simvoludur. Bu bəyannamə bir daha sübut edir ki, Azərbaycan və Türkiyə yalnız bu günün deyil, gələcəyin də müttəfiqləridir.

Arzu Abdullayev,
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri

👁 baxış