Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində mühüm şəxsiyyətlərdən biridir. Onun siyasi hakimiyyətdə olduğu dövrdə ölkədə sabitlik, inkişaf və tərəqqi müşahidə olunurdu. Heydər Əliyev siyasi hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra Azərbaycan bir sıra ciddi problemlərlə üzləşdi. Heydər Əliyevin getməsi ilə ölkədə siyasi vəziyyət gərginləşdi. Mərkəzi hakimiyyət zəiflədikcə, daxili siyasi qarşıdurmalar artdı. Müharibə vəziyyəti, xüsusilə də Dağlıq Qarabağ münaqişəsi daha da dərinləşdi və ölkə böyük itkilərə məruz qaldı. Hərbi əməliyyatlar nəticəsində bir çox şəhər və kəndlər düşmən işğalı altına düşdü, yüz minlərlə azərbaycanlı öz yurd-yuvalarını tərk etmək məcburiyyətində qaldı. Eyni zamanda, iqtisadiyyat çökməyə başladı. İstehsal sahələri zərər gördü, işsizlik artdı, insanların sosial vəziyyəti ağırlaşdı. Dövlət qurumlarında idarəçilik zəifliyi, korrupsiya və xaos geniş yayıldı. Bu vəziyyət ölkənin inkişafına ciddi maneə törətdi və insanların rifah səviyyəsinin aşağı düşməsinə səbəb oldu. Lakin bu çətin dövr Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtması ilə sona çatdı. Onun güclü rəhbərliyi sayəsində ölkədə sabitlik bərpa edildi, iqtisadiyyat dirçəldi və Azərbaycanın beynəlxalq mövqeyi gücləndi.
Ulu Öndər hakimiyyətə gəldikdən sonra ilk növbədə ölkədə sabitliyi təmin etmək üçün ciddi addımlar atdı. Siyasi qarşıdurmaların sona çatması, dövlət qurumlarının yenidən formalaşdırılması və gücləndirilməsi onun prioritetləri oldu. Eyni zamanda, ordu quruculuğu sahəsində islahatlara başladı və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində diplomatik səyləri artırdı. Heydər Əliyev həmçinin iqtisadi sahədə də islahatlara start verdi. Neft strategiyasını müəyyənləşdirdi, xarici sərmayələrin cəlb edilməsi üçün əlverişli şərait yaratdı və ölkənin beynəlxalq nüfuzunu yüksəltdi. Bu tədbirlər Azərbaycanın davamlı inkişafının təməlini qoydu. Ulu Öndərin xilaskarlıq missiyası Azərbaycan xalqının milli birliyi və gələcəyinə olan inamını bərpa etdi. Onun qayıdışı ölkəni müharibə, xaos və iqtisadi tənəzzüldən çıxarıb sabitlik və inkişaf yoluna çıxardı.
Ulu Öndər Heydər Əliyevin 40 illik siyasi yaradıcılığı bu gün azad, müstəqil, böyümüş, yenidən qurulmuş və ən əsası, Zəfər çalmış Azərbaycanımızın əsasını təşkil edir. Ulu Öndər o liderlərdən oldu ki, nəinki xalqın qurtuluş, yenidən var olma qüdrətinə imza atdı, həmçinin millətin həyatını sivil, modern dünya düzəninə uyğunlaşdırmağa nail oldu. 20 sentyabr 1994-cü il “Əsrin müqaviləsi”ndən uğurla başlayan bu yol sonradan çox böyük strateji əməkdaşlıqların əsasını qoydu. İlk dəfə olaraq dünyanın fövqəl və regional dövlətləri onun siyasəti ilə uyğunlaşmağa məcbur oldular, Azərbaycan dünyanın nəhəng dövlətləri ilə eyni sırada, eyni hüquqda dayandı və buna nail olmaq üçün Heydər Əliyevin dərin zəka və dünyagörüşü kifayət etdi.
Elçin Məmmədov,
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı
👁 baxış
