Enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq qarşılıqlı etimadı artırır

Prezident İlham Əliyevin dünyada gedən geosiyasi və geoiqtisadi proseslərə böyük uzaqgörənliklə yanaşması, hadisələri düzgün qiymətləndirmək qabiliyyəti həyata keçirilən xarici siyasətin uğurlarını şərtləndirən əsas faktorlardan biridir. Ölkəmiz Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Ard-arda dövlət başçımızın xaricə səfərləri, səfərlər çərçivəsində imzalanan sazişlər, ölkəmizə gələn xarici qonaqlar və baş tutan nüfuzlu beynəlxalq tədbirlər bunun bariz nümunəsidir. Belə ənənəvi tədbirlərdən biri də 1994-cü ildən keçirilən “Bakı Enerji Həftəsi”dir. Həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə sonralar “Əsrin müqaviləsi” adlandırılan, regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən sazişi imzaladı. Bunlar Ümummilli Lider Heydər Əliyevin baxışı sayəsində mümkün oldu. Bu il iyun ayının 2-də paytaxtımızda növbəti dəfə öz işinə başlayan bu tədbir çərçivəsində “Bakı Ekspo Mərkəzi”ndə 30-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışı oldu. Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirakını təsdiq edib. Tədbirdə Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belarus, Belçika, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, Əlcəzair, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İraq, İsrail, İsveç, İtaliya, Latviya, Qazaxıstan, Qətər, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə, Ukrayna və Yaponiya iştirak edir. Bu ölkələr arasında İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfədir ki, tədbirə qatılırlar.
Prezident İlham Əliyev Azərbaycanın müstəqillik dövrünün enerji siyasətini və strateji nailiyyətlərini əhatə edən çıxışı ilə beynəlxalq ictimaiyyətə bir daha ölkəmizin enerji təhlükəsizliyi ilə əlaqədar uzunmüddətli və düşünülmüş yol xəritəsini təqdim etdi. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən enerji siyasətinin nəticəsində ölkənin ümumi daxili məhsulunda (ÜDM) neft və qaz sektorunun payı 30 faizdən artıqdır. Bu faktor ölkənin enerji sektorunun hələ də iqtisadiyyatda əsas rol oynadığını göstərsə də, paralel şəkildə həyata keçirilən şaxələndirmə siyasəti iqtisadi sabitliyə və sosial rifaha xidmət edir. Xarici borcun ÜDM-ə nisbətinin 7 faizdən aşağı olması və strateji valyuta ehtiyatlarının borcdan 14 dəfə çox olması Azərbaycanın maliyyə dayanıqlığının nümunəvi modelini ortaya qoyur. İnfrastruktur sahəsində isə həm regional, həm də beynəlxalq yükdaşımalar üçün müasir dəmir yolları, hava və dəniz limanları, avtomobil magistralları yaradılıb ki, bu da Azərbaycanı Avrasiya üçün tranzit mərkəzinə çevirib. Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqının bir neçə digər ölkəsinə qaz ixrac edir. Bununla yanaşı, digər Şərqi Avropa ölkələri də bu gün Azərbaycandan “mavi yanacaq” almaq niyyətini irəli sürür. Bakıda keçirilən bu toplantıda aparılan müzakirələr gələcəkdə bu coğrafiyanın daha da genişlənəcəyinə əminlik formalaşır.

Rüfət Əhmədov
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının İnformasiya təminatı və təhlili sektorunun müdiri

👁 baxış