Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra onun iqtisadi gücünün yüksəldilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirildi. Belə tədbirlər dövlətin sərhədləri xaricində də maraqla qarşılanırdı və bu maraq dünyanın iri dövlətlərinin diqqətini Azərbaycana yönəldirdi. İqtisadi inkişaf həm də neft sənayesi ilə bağlı idi, dünyanın inkişaf etmiş dövlətləri Azərbaycanla böyük beynəlxalq neft müqavilələri imzalayırdı. Azərbaycanda Bakı Ekspo Mərkəzinin yaradılması da, Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi də, “Baku Energy Forum”u da belə iqtisadi əlaqələrdəndir. Qlobal tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən paytaxt Bakı son dövrlərdə artıq beynəlxalq işgüzar tədbirlərin təşkil edildiyi mərkəz kimi tanınır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış etdi. Dövlət başçımız çıxışında “Əsrin müqaviləsi” adlandırılan, regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən sazişdən, Azərbaycanda genişmiqyaslı islahatlar həyata keçirildiyindən, milli sərvətlərin düzgün bölüşdürülməsi nəticəsində Azərbaycanda yoxsulluğun azaldılmasından, Azərbaycanla tərəfdaş dövlətlər ilə birlikdə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərlərinin inşa edilməsindən ətraflı danışmışdır. Dövlət başçısı paytaxtımızda öz işinə başlayan 30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” və 30-cu “Baku Energy Forum”un rəsmi açılış mərasimində bir daha diqqəti bu məsələyə yönəldərək bildirdi ki, Azərbaycan neft və qaz ölkəsi olmaqla yanaşı, investorlarla bərabər məhz yaşıl enerjiyə sərmayə qoyub.
Son 21 ildən artıq dövrdə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın enerji sektorunda qazandığı uğurların miqyası genişdir. Enerji sektoru əməkdaşlıq əlaqələrinin qurulmasında əsas amillərdən biridir. Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması beynəlxalq səviyyədə təqdir edilir. Neft siyasətinin məntiqi davamı olaraq iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurları bugünkü reallıqlarımızda özünün aydın ifadəsini tapır. Azərbaycan həm qazıntı yanacağı ilə bir çox ölkələrin enerji təhlükəsizliyində rol almaq, həm də qlobal iqlim dəyişiklikləri ilə mübarizədə açar fiqura çevrilməyi bacarıb. Bu məsələdə də Prezident İlham Əliyevin mövqeyi kifayət qədər aydındır – Azərbaycan enerji strategiyası və bu strategiyada yaşıl enerji amilinin yeri və rolunu aydın müəyyən edib. İyunun 2-də Bakı Ekspo Mərkəzində keçirilən Bakı Enerji Həftəsi dünyanın diqqət mərkəzindədir. Prezident İlham Əliyev Azərbaycanın müstəqillik dövrünün enerji siyasətini və strateji nailiyyətlərini əhatə edən çıxışı ilə beynəlxalq ictimaiyyətə bir daha ölkəmizin enerji təhlükəsizliyi ilə əlaqədar uzunmüddətli və düşünülmüş yol xəritəsini təqdim etdi. Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılışı Azərbaycanın enerji sektoruna böyük maraq olduğunu təsdiqləyən tədbir kimi tarixləşdi.
Mehparə Mansırova,
Pirallahı rayonu, 243 nömrəli tam orta məktəbin direktoru
👁 baxış
