2025-ci il 28 may tarixi Azərbaycanın müasir tarixində xüsusi bir yer tutan, həm rəmzi, həm də siyasi baxımdan mühüm hadisələrlə yadda qaldı. Məhz həmin gün – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 107-ci ildönümündə Prezident İlham Əliyevin Laçında etdiyi çıxış, ölkənin suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunduğu bir məqamda dövlətçilik iradəsinin qətiyyətlə ifadəsi oldu. Bu çıxış yalnız bir siyasi bəyanat deyil, həm də Azərbaycan xalqının uzun illərdən sonra azad etdiyi torpaqlarda yenidən qurulan gələcəyinin rəmzinə çevrildi. Prezident İlham Əliyevin Laçında çıxış etməsi təsadüfi deyildi. Laçın rayonunun strateji və simvolik əhəmiyyəti böyükdür. Bu rayon uzun illər işğal altında qaldıqdan sonra 2020-ci ildəki Vətən müharibəsi və sonrakı lokal antiterror tədbirləri nəticəsində tam nəzarətə qaytarıldı.
Laçının azad edilməsi və orada aparılan yenidənqurma işləri, dövlətin öz vətəndaşlarına olan məsuliyyətini və tarixi ədaləti bərpa etmək əzmini əyani şəkildə göstərdi. Prezident çıxışında bu məsələyə xüsusi vurğu edərək bildirdi ki, Azərbaycan öz torpaqlarında suveren hüquqlarını tam şəkildə bərpa edib və heç bir xarici qüvvə bu reallığı dəyişə bilməz. Prezident İlham Əliyevin çıxışı həm də gələcəyə yönəlmiş bir baxışı əks etdirirdi. Laçında inşa edilən hava limanı, yeni yollar, kommunikasiya xətləri və sosial infrastruktur layihələri yalnız iqtisadi deyil, eyni zamanda strateji əhəmiyyət daşıyır. Bu, işğaldan azad olunmuş ərazilərin ölkənin iqtisadi sisteminə inteqrasiyasını sürətləndirir və vətəndaşların doğma yurdlarına qayıdışını təmin edir. Prezidentin çıxışında bu layihələrin davamlı olacağı və Azərbaycanın bütün bölgələrində yüksək həyat səviyyəsinin təmin ediləcəyi xüsusi vurğulandı. 28 may tarixinin seçilməsi də yüksək rəmzi məna daşıyırdı. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk parlamentli respublika kimi tarixə düşdü. Məhz bu səbəbdən həmin gün dövlətçilik, suverenlik və azadlıq ideallarının simvolu hesab olunur. Prezident İlham Əliyevin həmin gün Laçında etdiyi çıxış bir daha göstərdi ki, Azərbaycan xalqı öz tarixi varisliyini qoruyur və onu müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirir.
Ölkə başçısının çıxışında Türkiyə və Pakistanın Azərbaycanın yanında dayandığı konkret qeyd olunaraq vurğulandı ki, bu ölkələr, xüsusilə də Qarabağ müharibəsi və ondan sonrakı dövrlərdə, Azərbaycana mənəvi-siyasi dəstək göstərməkdən çəkinməyib. Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsinə Türkiyə və Pakistan ilk gündən dəstək verərək beynəlxalq aləmdə Azərbaycanın mövqeyini gücləndirdilər. Bu, sırf diplomatik jest deyil, əsl qardaşlıq münasibətinin göstəricisi idi. Xüsusilə vurğulamaq lazımdır ki, Prezident İlham Əliyev çıxışında bu ölkələrin başçılarını Laçında bir araya gətirməyi, həmrəylik nümayiş etdirməyi Azərbaycan xalqı üçün şərəfli və tarixi bir hadisə kimi qiymətləndirdi. Məhz bu birlik sayəsində regionda formalaşan yeni geosiyasi reallıqlar, Azərbaycanın təşəbbüsləri və suveren hüquqları ilə uzlaşan davamlı sülh modelinə çevrilməkdədir. “Üç qardaş” formatı təkcə siyasi platforma deyil, ortaq hərbi təlimlər, ticarət əlaqələri, energetika sahəsində əməkdaşlıq və humanitar layihələr vasitəsilə genişlənən çoxşaxəli strateji tərəfdaşlığa çevrilmişdir. Azərbaycan, Türkiyə və Pakistan arasında mövcud olan qardaşlıq münasibətləri illər keçdikcə daha da möhkəmlənir. Hər üç ölkənin xalqları bir-birinə qarşı böyük rəğbətə sahibdirlər. Bu münasibətlərin təməli keçmişdə qoyulmuş, lakin zamanla daha da inkişaf etdirilərək bu gün regional və beynəlxalq miqyasda mühüm əməkdaşlığa çevrilmişdir. Pakistan, Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olmuş, Ermənistanla diplomatik əlaqələr qurmaqdan imtina etməklə, hər zaman Azərbaycanın ərazi bütövlüyünü müdafiə etmişdir.
28 may tarixində səslənən bu çıxışda Prezident İlham Əliyev bir tərəfdən Azərbaycanın müstəqilliyini və öz torpaqlarında tam suverenlik hüququnu təsdiq edərkən, digər tərəfdən, bu uğurun əldə olunmasında beynəlxalq səviyyədə dəstək göstərən dost və qardaş ölkələrin rolunu yüksək qiymətləndirmişdir. Azərbaycan, Türkiyə və Pakistan qardaşlığı artıq tarixi bir fakt deyil, siyasi və strateji gerçəkliyə çevrilmişdir və Laçında səslənən sözlər bu birlik və həmrəyliyin rəsmi təsdiqi olmuşdur.
Şəbnəm Eldarova,
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın
təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi
👁 baxış
