Tarix sübut edir ki, zamanın hər bir dövründə qadınlar öz qabiliyyət və bacarığını uğurla nümayiş etdirib, dövlət siyasətində, idarəçilikdə, özəl sahələrdə, eləcə də, ailə təməlinin qurulmasında daim öz fəaliyyətləri ilə diqqət mərkəzində olublar.
Qadınların ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında rolunu artırmaq, BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasından irəli gələn öhdəliklərini mütəmadi həyata keçirmək üçün ulu öndər Heydər Əliyev 1998-ci il 14 yanvar tarixində “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncam imzalayıb.
Dövlətimizin qadınlarla bağlı yürütdüyü siyasət bu sahədə Azərbaycanı öncül dövlətlər sırasına gətirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistem qurmuş, sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilən Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində yeniliklərə imza atıb. Qadın siyasəti müstəqil Azərbaycan dövlətinin əsas prioritet sahələrindəndir.
Azərbaycanın ictimai, siyasi, mədəni, sosial həyatında qadınların iştirakının genişlənməsi müşahidə olunur. Azərbaycan qadınlarının gözəl siması Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevadır. O, xeyirxahlıq, mərhəmət, fədakarlıq simvoludur. Mehriban xanım Azərbaycan qadınının formalaşmaqda davam edən potensialının artmasının təmin olunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi istiqamətində lazımi işlərin görülməsinə öz mühüm töhfəsini verir.
Statistika nə deyir?
Statistika göstərir ki, Azərbaycanda qadınlar məşğul əhalinin 48,2%-ni təşkil edir. Elmi işçilərin 56 faizi, ümumi təhsil müəssisələrində müəllimlərin 79,8 faizi, orta ixtisas təhsil müəssisələrində 77,9 faizi, ali təhsil müəssisələrində 51,9 faizi, həkimlərin isə 65,7 faizi qadınlardır. Dövlət qulluğunda çalışanlar arasında qadınların çəkisi 28,5 faiz, sahibkarlar arasında isə 21,5 faizdir. Milli məclisdə qadın millət vəkillərinin sayı 16%-i ötüb.
Son illərdə yerli özünüidarəetmə orqanları olan bələdiyyələrdə də təmsil olunan qadınların sayı artıb. 1999-cu ildə keçirilən ilk bələdiyyə seçkilərində qadınların iştirakı çox zəif olsa da, hər növbəti seçkidə bələdiyyələrdə onların mövqeyi möhkəmlənməyə başladı. Belə ki, 2004-cü ildə keçirilən bələdiyyə seçkilərində bələdiyyə üzvü olan qadınlar 4% idisə, 2009-cu ildə keçirilən bələdiyyə seçkilərində 26,5% bələdiyyə üzvü qadın seçilib. 2014-cü ildə isə bu rəqəm 35%-ə çatdı.
İlk bələdiyyə seçkilərində 23 min bələdiyyə üzvündən yalnız 395 nəfəri qadın idisə, 2004-cü ildə keçirilən ikinci seçkilərdə qadınların sayı 800-ə, 2009-cu ildə 4081 nəfərə çatdı. Üçüncü bələdiyyə seçkilərindən sonra formalaşan bələdiyyələrə seçilən sədrlərin arasında qadınların sayı isə 302 nəfər idi.
Qadının problemini qadınlar daha yaxşı bilir. Təcrübə isə göstərir ki, sosial problemlərin əksəriyyəti qadınlarla bağlı olan problemlərdir. Buna görə də, yerli özünüidarəetmə orqanlarında qadınlara etimad göstərilməsi həm də həmin ərazidə yaşayan qadınlar üçün yeni bir ümid yeri ola bilər. Qadınların ictimai-siyasi proseslərə cəlb olunması üçün bələdiyyə seçkiləri böyük fürsətdir.
Mecra.az xəbər verir ki, Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində ictimai sektorda fəal olan qadınların iştirakı vətəndaşların da ürəyincə oldu. Ölkənin cənub rayonlarından olan Cəlilabadda keçirilən bələdiyyə seçkilərində işlədikləri dövrdə vətəndaşların etimadını doğrultmayan bələdiyyə sədrləri kənarda qaldı.
Xatırladaq ki, Cəlilabad rayonunda 19 bələdiyyə fəaliyyət göstərir. Fəaliyyətdə olan bələdiyyələrin 2-i şəhər ərazisində, qalanları isə (17 bələdiyyə) kənd yaşayış məntələrində fəaliyyət göstərir.
Cəlilabad rayon Muğan bələdiyyəsinə kənd sakini Amaliya Əmənovanın sədr seçilməsi isə sakinlərin ürəyincə olub.
Bəs Amaliya Əmənova kimdir?
Muğan kəndində ziyalı ailəsində anadan olub. Atası Teyyub müəllim uzun müddət Muğan kənd tam orta məktəbində müəllim işləyib. Orta məktəbi bitirdikdən sonra Amaliya xanım da atasının peşəsinə yiyələnib və hazırda Muğan kənd tam orta məktəbində müəllim işləyir. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Yeni bələdiyyə sədri seçilən Amaliya Əmənovanın ilk görüş yeri isə şəhid ailələri olub. Xanım sədr ürəyi yaralı şəhid analarıyla görüşüb, onların dərdinə şərik olub və həmişə də onların yanında olacağını deyib.


O, işə başladığı gündən ona tapşırılan işləri layiqincə yerinə yetirəcəyini qarşısına məqsəd qoyub. Artıq Muğan, Maşlıq, Söyüdlü və Kazımabad kəndlərində səliqə-sahman salınmağa başlayıb. Xanım sədr kənddaxili yolların da təmirinə başlayacağını bildirib.

Kənd sakinləri ilə apardığımız söhbət zamanı onlar da xanım sədrdən gözləntilərinin böyük və Muğan bələdiyyəsində yeni abu-havanın yaranacağına ümidli olduqlarını bildirdilər.
Ona görə də Amaliya xanıma yeni vəzifəsində uğurlar arzulayırıq. Sonda onu da deyək ki, biz bununla kifayətlənməcəyik. İşlədiyi dövrdə xanım sədrin gördüyü işləri də hər dəfə oxucuların diqqətinə çatdıracağıq.
👁 baxış
