Napoleon filminə çəkilən Cəlilabad sakini vəfat etdi – FOTO

Cəlilabad sakini, rayonun tanınmış ziyalılarından olan Hüseyn Hüseynov uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.

Mecra.az xəbər verir ki, H.Hüseynov 1969-cu ildə Ukraynada hərbi xidmətdə olarkən Fransa imperatoru Napoleon Bonapartdan bəhs edən “Vaterlo ətrafında döyüş” filminə çəkilib.

Qeyd edək ki, Hüseyn Hüseynov rayonun tanınmış simalarından biri olan, Cəlilabad şəhər bələdiyyəsinin sədr müavini Elçin Hüseynovun atasıdır.

Biz də kollektivimiz adından mərhumun ailəsinə başsağlığı veririk.

Allah rəhmət eləsin!

H.Hüseynovun vaxtilə çəkildiyi film haqqındakı müsahibəsini təkrar yayımlayırıq:

““Vaterloo ətrafında döyüş” filmini Moskva çəkirdi. Filmin rejissoru Sergey Bondorçuk idi. 1969-cu Ukraynada hərbi xidmətdəydim və həmin vaxt film çəkilərkən bizim hərbi hissədən də əsgərləri  çəkiliş meydanına göndərdilər. Filmin çox hissəsi zakarpatiya dağlarında çəkilib. Altı ay orda filmin çəkilişləri gedib. Səhər tezdən gedib bir də axşam qayıdırdıq. Mən də Napoleonun əsgərlərindən biriydim. Napoleon rolunda isə amerikalı artist Rods Stager oynayırdı”.

“Bu həm də xaricilərə görə bir təbliğat idi ki, görsünlər sovet əsgəri necə qidalanır…”

“Filmdə dəhşətli döyüş səhnələri olurdu. Atla olan döyüş səhnələrini isə əsasən italyanlar həyata keçirirdi. Moskva polkunun xüsusi atları var idi və onlarla film çəkirdilər. Filmə 20 min əsgər çəkirdilər. Orda bir ağdamlı əsgər var idi və Napoleonun atını da o, gətirirdi. Ağ at idi və o, deyirdi ki, bu at Qarabağ atıdır Ağdamdan almaq istəsələr də mümkün olmayıb, amma sonradan Moskvadan generallardan biri gələrək Bakıdan nümayəndə götürərək atı 90 minə güclə sahibindən alıb. Çox gözəl at idi. Film çəkilişləri zamanı bizə pul verməsələr də, yeməyimizi çox yaxşı verirdilər. Bu həm də xaricilərə görə bir təbliğat idi ki, görsünlər sovet əsgəri necə qidalanır. Çəkiliş zamanı 20 min əsgər çadırlarda qalırdı”.

“Filmə əsgərlərin çəkilməsi üçün Moskvadan diviziya komandirinə əmr gəlmişdi…”

“Film çəkilişləri zamanı marşal rolunda oynayan artist Sergey Zaxaridze tapşırdı ki, azərbaycanlı və gürcü əsgərləri toplayın, onlarla söhbətim olacaq. O, Coni adlı oğlana 100 manat pul verib dedi ki, əsgərlər bu pula çay içərlər. Film iki seriyadan ibarətdir və dəfələrlə filmə baxsam da o qədər əsgərin içindən özümü seçə bilməmişəm. Filmə əsgərlərin çəkilməsi üçün Moskvadan diviziya komandirinə əmr gəlmişdi və bunu ingilis, amerikan və italyan artistləri çəkirdi. İtalyanlar bizə çox hörmətlə yanaşırdılar və Moskvadan xüsusi bir tərcüməçi də gəlmişdi”.

“Bildirdi ki, “Mixaylo” haqqında Azərbaycanın çəkdiyi filmə baxdım…”

“İtaliyanların Armando adlı operatoru var idi. Sən demə o vaxt bu adam Mehdi Hüseynzadəylə bir yerdə döyüşüb. Bir dəfə o, bizimlə görüş təşkil etdi və onda təxminən 5-6 min azərbaycanlı əsgər filmə çəkilirdi. Görüş zamanı dedi ki, mən “Mixaylo”yla bir yerdə döyüşmüşəm. Bildirdi ki, “Mixaylo” haqqında Azərbaycanın çəkdiyi filmə baxdım və onu deyə bilərəm ki, filmdə onun qəhrəmanlığının heç bir faizindən bəhs etməmisiniz”.

Vasif ƏLİHÜSEYN

Bir 1 nəfər və gülümsəyir şəkili ola bilər

👁 baxış