“Hardadı sənlə çay içəndə ayağımı dişləyən ağcaqanadlar?” – Vasif Əlihüseynin yeni şeirləri

Mecra.az şair-jurnalist Vasif Əlihüseynin şeirlərini təqdim edir:

Darıxıram

Sənə xəyanət etdiyim gündən

milçəklər pəncərə toruna

dəyib qayıdan kimi

sənə gəlib-qayıdıram

 

Hardadı sənlə çay içəndə

ayağımı dişləyən

ağcaqanadlar?

sən gedəndən

fincanının dibində quruyub

kofenin sonu

 

İndi fincanının dibində

fala baxıram

Uzaqlardasan, uzaqlarda

Mən darıxıram axı

 

Aptekçi qız

 

Ağrılarımın sağalacağına dair

Bir məktub var əlimdə

Oxu, bu əndarbadi yazıları

Aptekçi qız

 

Bax gör dərd mənə

Dünyanın neçənci mərtəbəsindən

Baxır üzü aşağı

 

Sən dərmanları saydıqca

Ağrılarım keyişir

Barmaqlarım cibimi deşir

İçim bu kəmşirin dərmanları

Ağrıların sağlığına

 

Ata, at ol!

Yorğun gəlirəm işdən

Oğlum əllərimdən tutub ağlayır

ata, at ol.

Minib ev içində çapırlar məni

dördnala

 

Baxıram nə qəşəng yorğa gedirəm

Bircə nalım çatmır

Bu uzun yolu qət etməyə

Oğlum, halım çatmır

 

Yüküm şələ-şələdi

Bu hələ nədi ki,

Çəkdiyim yükün altında

Sən ağırlığın nədi ki

 

Salam, ata!

Nə Anam bu dünyadadı

Nə də atam bu şəhərdə

Zəng vururam Salam, ata!

Görürsən məni?

Burdayam anamın məzarı üstdə

Arada üç saatlıq təyyarə,

Üç günlük qatar yolu var

Qadınını itirmiş atamın

Siqaret tüstüsünün

Qoxusu gəlir burnuma

Darıxıram, ana, darıxıram.

Başımı dizinə qoymayan gündən

Başlayıb qulaq ağrılarım

Təkəm, anam, təkəm…

Kenan Akberov - Darixiram (Şeir) Yeni

👁 3 baxış