Vətən müharibəsi şəhidimiz gizir Şükürov Alim Davud oğlunun qardaşı Əhəd Şükürovun toy mərasimi baş tutub.
Mecra.az xəbər verir ki, şəhid qardaşının toyunda Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı cənab Rafiq Cəlilov, rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, şəhid ailələri və qohumları iştirak ediblər.
Toy mərasimində icra başçısı Rafiq Cəlilov ailə quran cütlüyə xeyir-dua verib:
“Əziz və hörmətli tədbir iştirakçıları, çox əlamətdar bir gündə görüşürük. Bu gün qəhrəman şəhidimizin qardaşı Əhəd bəyin toy məclisidir. Şəhidimizin atası Davud kişinin ailəsində, ocağında xoş gündür. Hamımız çox xoşbəxtik, çox şadıq. Allah xalqımıza həmişə toy qismət eləsin. Qəhrəman şəhidlərimizin, döyüşçülərimizin, qazilərimizin sayəsində, Ali Baş Komandanın rəhbərliyi altında xalqımız ən böyük problemi olan işğal problemini həll etdi və bu gün bütün xalqımız rahat nəfəs alır. Azərbaycan bu gün Cənab Prezidentimizin rəhbərliyi altında dünyanın ən əmin-əman 10 ölkəsindən biridir. Hərçənd ki, sülh müqaviləsi hələ ki, bağlanmayıb, demək olar ki, müharibə şəraiti davam edir. Amma Azərbaycan dünyanın ən əmin-aman ölkələrindən biridir…
Allah bundan sonra bütün Azərbaycan xalqına, o cümlədən ailələrimizin ən şərəflilərindən olan şəhid ailələrinə ancaq xeyir işlər qismət eləsin. Bu gün bizim şahidliyimizlə təməli qoyulan gənc ailəyə Allahdan xoşbəxtlik arzulayırıq…”.
Qeyd edək ki, Alim Şükürov 1998-ci il mayın 23-də Cəlilabad rayon Ağdaş kəndində anadan olub. Sərhəd Qoşunlarının giziri olan hərbçimiz Vətən müharibəsi zamanı Zəngilan uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub və doğulduğu kənddə böyük izdihamla dəfn edilib.
Şəhid Alim Şükürov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Vasif ƏLİHÜSEYN



👁 baxış
