Strateji tərəfdaşlıqda yeni mərhələ

28 aprel 2025-ci il tarixində İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian geniş nümayəndə heyəti ilə birlikdə ölkəmizə rəsmi səfər etmişdir. Səfər çərçivəsində dövlət başçılarının məhdud tərkibdə və geniş formatda görüşləri keçirilmiş, bir sıra mühüm sənədlər imzalanmış, Azərbaycan-İran biznes-forumu təşkil olunmuş və mətbuata birgə bəyanatlar verilmişdir. Eyni zamanda, Prezident Məsud Pezeşkian Fəxri xiyabanı ziyarət edərək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, həmçinin Şəhidlər xiyabanı və Bibiheybət məscidinə səfər etmişdir. Diqqətçəkən məqamlardan biri də İran prezidentinin biznes-forumda çıxışı zamanı Məhəmməd Hüseyn Şəhriyarın şeirini səsləndirməsi olmuşdur. Beləliklə, Prezident Pezeşkianın birgünlük səfəri çoxsaylı maraqlı və yaddaqalan məqamlarla yaddaşlara həkk olunmuşdur.
Ümumilikdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlər dərin tarixi, mədəni və dini köklərə əsaslanır. İki ölkə arasındakı əlaqələr yalnız coğrafi yaxınlıqla deyil, ortaq tarixi keçmiş, etnik və dil baxımından oxşarlıq, eləcə də ortaq dini-mədəni dəyərlərlə də fərqlənir. Bu zəngin irs müasir dövrdə də qarşılıqlı maraqlara əsaslanan münasibətlərin bünövrəsini təşkil edir. Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra İran İslam Respublikası onu tanıyan ilk dövlətlərdən biri olmuşdur. Tərəflər qonşuluq prinsipi və qarşılıqlı suverenliyə hörmət əsasında diplomatik münasibətlər qurmuşlar.

Hazırda İran, Azərbaycanın enerji, nəqliyyat, ticarət, mədəniyyət və humanitar sahələrdə mühüm tərəfdaşıdır. Son illərdə, xüsusilə regional kommunikasiya xətlərinin bərpası və inkişafı istiqamətində əməkdaşlıq daha da dərinləşmişdir. Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi, Astara–Rəşt dəmir yolu və Araz çayı üzərində yeni körpülərin inşası ilə bağlı aparılan danışıqlar bu əməkdaşlığın konkret nümunələrindəndir.

Prezident Məsud Pezeşkianın səfəri çərçivəsində keçirilən mətbuat konfransında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışında vurğulanan əsas məsələlər bunlar olmuşdur: iki ölkə arasında əsrlərə söykənən dostluq və qardaşlıq münasibətləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, regional təhlükəsizlik və çoxtərəfli əməkdaşlığın inkişafı, ticarət əlaqələrinin genişləndirilməsi və Şimal–Cənub nəqliyyat dəhlizinin strateji əhəmiyyəti.

Xüsusilə sonuncu məsələ bu günün geosiyasi reallıqları fonunda xüsusi aktuallıq kəsb edir. Dünyada yaranmış vəziyyət alternativ nəqliyyat marşrutlarının formalaşdırılmasını zəruri edir. Bu baxımdan, Şimal–Cənub Nəqliyyat Dəhlizi iştirakçı ölkələr üçün böyük iqtisadi faydalar vəd edir. Layihənin məqsədi Hind okeanı və Fars körfəzi limanlarından yüklərin İran, Azərbaycan və Rusiya vasitəsilə Avropaya daşınmasını təmin etməkdir. Bu dəhliz, eyni zamanda Çindən Avropaya alternativ nəqliyyat marşrutlarının formalaşmasına xidmət edir.
Azərbaycan Prezidenti biznes-forumda çıxışı zamanı qeyd etmişdir ki, Azərbaycan və İran Şimal–Cənub nəqliyyat dəhlizi üzrə sıx əməkdaşlıq edir. O, vurğulamışdır ki, bu dəhliz təkcə yük daşımaları üçün deyil, yol boyunca yeni bizneslərin yaradılması və sənaye müəssisələrinin qurulması baxımından da böyük potensiala malikdir. Hər iki ölkənin iqtisadi imkanları və fəal sahibkarlıq mühiti bu təşəbbüslərin uğurla reallaşmasına zəmin yaradır.

Nəticə etibarilə, 28 aprel tarixində baş tutan səfər zamanı imzalanan sənədlər və aparılan danışıqlar bir daha sübut etdi ki, Azərbaycan–İran münasibətləri mövcud əməkdaşlıq çərçivəsini aşaraq gələcəyə yönəlik yeni imkanlar və perspektivlər açır. Tam əminliklə demək olar ki, bu səfər regionda dayanıqlı sülhün, qarşılıqlı etimadın və iqtisadi inkişafın möhkəmləndirilməsi baxımından mühüm mərhələ kimi tarixə düşəcəkdir.

Arzu Cahangirova
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının
Pirallahı Rayon Komitəsinin sədri

👁 baxış