Azərbaycan – İran münasibətləri bölgədə sabitliyin önəmli amilidir

Azərbaycan-İran münasibətləri çoxşaxəli olmaqla, tarixi, siyasi, mədəni və iqtisadi baxımdan olduqca mürəkkəb proseslərdən keçib. Bu münasibətlərin formalaşması və inkişafında həm regional, həm də qlobal faktorlar mühüm rol oynayıb. Azərbaycanla İran arasında diplomatik münasibətlərin zəngin tarixi keçmişi vardır. İran və Azərbaycan xalqları islam aləminə mənsub olan xalqlardır. İki xalqın din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı, eyni zamanda, ortaq tarixə malik olması dövlətlərarası əlaqələrin inkişafına müsbət dinamika verir. Azərbaycan-İran münasibətlərinin formalaşma dinamikası yaxın qonşuluq, eyni coğrafiyanı bölüşmək və xalqlar arasındakı tarixi-dini bağlar iki ölkə arasında davamlı münasibətləri zəruri edib. Məhz, bunun nəticəsidir ki, Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi daim artan xətt üzrə inkişaf edir.
Aprelin 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana ilk rəsmi səfəri iki ölkə arasında bir müddət davam edən soyuq münasibətlərə son qoyulması kimi qiymətləndirmək olar. Səfər çərçivəsində iki dövlət başçılarının məhdud və geniş tərkibdə görüşləri keçirilib. Daha sonra Prezidentlərin iştirakı ilə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi keçirilib, prezidentlərin Birgə Bəyanatı imzalanıb. Mərasimin sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian mətbuata bəyanatlarla çıxış ediblər. Mətbuata bəyanatında Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıblar. Bu gün bu möhkəm təməl üzərində dövlətlərarası münasibətlərimiz inkişaf edir.
Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri də qonşu ölkələrlə mehriban münasibətlərin qurulması, qarşılıqlı-faydalı əməkdaşlıq, regional təhlükəsizlik məsələlərinin yüksək səviyyədə təşkili, bölgədə sülh və əmin-amanlığın bərqərar olmasından ibarətdir. Ölkəmiz hər zaman regional əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı tərəf kimi çıxış edib. Bu istiqamətdəki fəaliyyətində bölgə üçün faydalı dialoqların, mühüm məsələlərin müzakirəsində açıq siyasət yürüdüb. Azərbaycan-İran əməkdaşlığı Cənubi Qafqazda sabitliyə və təhlükəsizliyə birbaşa təsir edir. Çünki iki ölkə arasında uzun sərhəd var. Azərbaycan yeganə ölkədir ki, həm İranla, həm də Rusiya ilə sərhədlərə malikdir. Bir sıra məsələlərdə Azərbaycanla İranın mövqeyi üst-üstə düşür. Hər iki ölkə regional əməkdaşlığın, bu formatda əlaqələrin genişləndirilməsinin tərəfdarıdır. Nəzərə almaq lazımdır ki, iqtisadi sahədə əlaqələrin genişləndiriməsi siyasi münasibətlərin yaxşılaşmasına birbaşa müsbət təsir göstərir. Üstəlik, Cənubi Qafqazda sabitlik həm Azərbaycanın, həm də İranın maraqlarına cavab verir. Qonşu ölkələrlə mövcud əlaqələr, iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat və digər sahələrdə birgə layihələrin mövcudluğu onun təsdiqidir ki, Azərbaycan regionun inkişafına töhfələrini verir.

Səadət İsmayılova,
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri

👁 baxış