Azərbaycan – Çin münasibətlərində yeni səhifə

Azərbaycan və Çin arasında diplomatik münasibətlərin qurulmasından artıq 33 il ötür. Bu dövr ərzində qarşılıqlı hörmət və etimada əsaslanan əlaqələr ardıcıl şəkildə inkişaf edərək, bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Qədim tarixi köklərə əsaslanan bu münasibətlər müasir dövrdə siyasi, iqtisadi, mədəni və texnoloji sahələrdə geniş vüsət alıb. Azərbaycan-Çin əlaqələrinin tarixi qədim “İpək Yolu”na qədər uzanır. Hələ 2500 il bundan öncə qədim “İpək Yolu” vasitəsilə xalqlarımız arasında ticari və mədəni əlaqələr mövcud olub. Bu gün Azərbaycan və Çin arasında siyasi münasibətlər yüksək səviyyədə inkişaf edir. Prezident İlham Əliyevin Çinə rəsmi səfərləri, beynəlxalq tədbirlərdə Çin liderləri ilə görüşləri iki ölkə arasında qarşılıqlı anlaşmanı və əməkdaşlığı daha da möhkəmləndirib. 2024-cü ilin iyul ayında Astanada keçirilən görüşdə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan-Çin münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərdi. Bu sənəd siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinə yönəlib. Prezident İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında formalaşmış qarşılıqlı etimad və şəxsi dostluq münasibətləri ikitərəfli əlaqələrin dərinləşməsində mühüm rol oynayır. Liderlərin siyasi iradəsi Azərbaycan və Çin arasında əlaqələrin yeni istiqamətlər üzrə inkişafı üçün güclü stimul yaradır.
Azərbaycan-Çin münasibətləri təkcə iqtisadi və siyasi baxımdan deyil, həm də strateji və qlobal təhlükəsizlik müstəvisində mühüm əhəmiyyət kəsb edir. Tarixi köklərə söykənən bu münasibətlər müasir çağırışlar fonunda qarşılıqlı maraqlara və uzunmüddətli tərəfdaşlığa əsaslanır. Strateji Tərəfdaşlıq Bəyannaməsinin imzalanması ilə iki ölkə arasındakı əlaqələr yeni mərhələyə qədəm qoyub və bu münasibətlərin gələcəkdə daha da dərinləşəcəyi şübhəsizdir. Azərbaycan və Çin qarşılıqlı hörmət, etimad və dostluq əsasında qurulmuş bu əlaqələri gələcək nəsillər üçün davamlı və faydalı əməkdaşlıq modelinə çevirirlər. Azərbaycanla Çin dost və strateji tərəfdaş ölkələrdir. Azərbaycan Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının lideri Si Cinpin arasında dostluq münasibətləri ölkələrimizin qarşılıqlı əlaqələrinin güclənməsində müstəsna əhəmiyyət kəsb edir. Aprelin 22-24-də Prezident İlham Əliyevin Çinə səfəri ikitərəfli əlaqələrin daha da genişlənməsinə böyük köməklik göstərir. Səfər çərçivəsində Çin Sədri Si Cinpinin iştirakı ilə Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat da daxil olmaqla əməkdaşlıq sənədləri imzalanıb. Səfər günlərində Prezident İlham Əliyev Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib və ölkələrimiz arasında münasibətləri yüksək dəyərləndirib. Aprelin 25-də dövlət başçısının müsahibəsi həmin televiziya kanalında yayımlanıb.
Müsahibədə iki dost dövlət arasında münasibətlərin bir çox istiqamətlərinə toxunan dövlət başçısı bildirib ki, “Bizim çox mehriban münasibətlərimiz var. Görüşlərin birində o, məni Çinin yaxın dostu adlandırıb. Bunu mən bir növ mükafat kimi qəbul edirəm”. Birgə Bəyanatı təkcə diplomatik jest deyil, həm də uzunmüddətli strategiya üçün bir vasitədir. Sənəd irimiqyaslı investisiyalar üçün institusional çərçivə yaradır, Azərbaycanın xarici siyasət manevrini genişləndirir və dünyanın ən güclü ölkələrindən biri olan Çin ilə siyasi-iqtisadi əlaqələrini gücləndirməyə imkan verir. Buna görə də, əminliklə demək olar ki, Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq hər iki ölkənin milli strategiyaları üçün mühüm dəstəkdir. Beləliklə, Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri Azərbaycanın dünyanın iqtisadi nəhəngi ilə münasibətlərinin inkişafında, hərtərəfli strateji tərəfdaşlığın əsasının qoyulmasında və müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanların açılmasında mühüm addım oldu.

Fazil Məhəmmədov,
Pirallahı Rayon Ağsaqqallar Şurasının üzvü

👁 baxış