Mecra.az tanınmış şair Əlirza Həsrətin şeyi şeirlərini təqdim edir:
GÜNƏŞİN GÖZÜNDƏN QAÇIB YUXUSU
Bürüyüb aləmi çiçək qoxusu,
Çıxıb canımızdan qışın qorxusu.
Günəşin gözündən qaçıb yuxusu,
Gecəni sökülən danda öldürür.
Gah şirə dönürəm, gah da Boz qurda,
Keşik çəkirəm də bu köhnə yurda.
Bu necə dünyadır, adamı burda,
Nökər də öldürür, Xan da öldürür?!
Araz da şahiddir, Xudafərin də,
“Sağ ol” da deyən var, lap “afərin” də.
Bir zalım yazıçı hər əsərində,
Əlirza Həsrəti sonda öldürür.
ŞAİR QIZLARIN
Əzəldən varlığım bu kağız, qələm,
Hər şeir, hər nəğmə sevgi piyaləm.
Vallah, barışmağı bir özgə aləm,
Küsməyi başqadı şair qızların.
Gül açan arzusu, diləyi bizdə,
Tanrının söz-şeir mələyi bizdə.
Məqamı bu sevən ürəyimizdə,
Həmişə başdadı şair qızların.
Əsli ünvanında mən Yanıq Kərəm,
Belə ömrüm boyu hey küllənərəm.
Gərək hərəsinə bir ulduz dərəm,
Əlləri boşdadı şair qızların.
Könlüm dəbdə olan bir eşq bükümü,
Sevib daşıyıram nimdaş yükümü.
Heç deyən olmasın,yarpaq tökümü,
Nə yaman başladı şair qızların.
Hələ keşik çəkir dağlarda yuxum,
Ürəyimə düşən hər eşq bir toxum.
Bir vaxt görəcəklər mənim yoxluğum,
Gözünü yaşladı şair qızların.

👁 baxış
