Azərbaycan beynəlxalq enerji təhlükəsizliyinə mühüm töhfələr verir

Bu gün dünya siyasətinin aktual məsələlərindən biri enerji təhlükəsizliyidir. Azərbaycan müasir dünyada ən dinamik inkişaf edən dövlətlərdən biridir. Azərbaycanın enerji strategiyası uğurla icra edilir. Zəngin təbii resurslara, yaşıl enerji mənbələrinə, təbii qaza, neftə sahib olan Azərbaycan Avropa ölkələri üçün əvəzedilməz tərəfdaş ölkədir. Dövlətimiz tərəfindən irəli sürülmüş və icra edilmiş layihələr Avropa ölkələrində mühüm rol oynayıb. Həmçinin Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri ilə Azərbaycan nefti Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırılır. Bu kontekstdə Cənub Qaz Dəhlizi xüsusi önəm daşıyır. Cənub Qaz Dəhlizi bu gün Avropanın enerji təhlükəsizliyində vacib rola malikdir.

Aprelin 4-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Bu tədbirin keçirilməsi olduqca əhəmiyyətlidir. Toplantıda Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatılmışdır. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli nümayəndələr iştirak etmişdir. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları fonunda Azərbaycanın qlobal enerji təhlükəsizliyi sistemində müstəsna yeri və rolu bir daha təsdiqlənib. Prezident İlham Əliyevin tədbirdəki dərin məzmunlu çıxışı, enerji strategiyası ilə bağlı səsləndirdiyi fikirlər ölkəmizin ənənəvi, habelə bərpa olunan enerjinin ixracı sahəsində zəngin potensialının dünyaya təqdimatı, qarşıya qoyduğu hədəflərlə bağlı dolğun təsəvvürlərin formalaşdırılması baxımından diqqəti xüsusilə cəlb edir.

Toplantının ümumi kontekstində vurğulanan əsas tezislərdən biri də enerji təhlükəsizliyinin milli təhlükəsizliklə sıx bağlı olması idi. Neft-kimya, gübrə və sənaye sektorlarının inkişafı üçün enerji resurslarının rolu getdikcə daha da artır. Bu baxımdan, enerji təhlükəsizliyi təkcə təchizat zəncirinin davamlılığı deyil, həm də iqtisadi və sosial sabitliyin təməlidir. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları bir daha təsdiqlədi ki, Azərbaycan enerji sahəsində regional lider rolunu qoruyur və daha geniş beynəlxalq əməkdaşlığa açıqdır. İstər təbii qazla bağlı infrastrukturun genişləndirilməsi, istərsə də yaşıl enerji sektorunda sərmayə layihələri ölkənin enerji siyasətinin çevik və strateji şəkildə formalaşdırıldığını göstərir.Enerji əməkdaşlığı artıq sadəcə resursların ötürülməsi deyil, qlobal təhlükəsizlik, iqtisadi sabitlik və iqlim çağırışlarına cavab vermək üçün ortaq məsuliyyət anlayışına çevrilir. Bu prosesdə Azərbaycan öz mövqeyini daha da gücləndirmək üçün praqmatik siyasət həyata keçirir.

Azərbaycan bu gün Avropa məkanında etibarlı enerji təchizatçısı olmaqla yanaşı etibarlı tərəfdaş kimi də böyük nüfuz sahibidir. Bütün bunlar cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin mahiyyətindən qaynaqlanan amillərdir.

Arzu Rəhimova,

Pirallahı Rayon İcra Hakimiyyəinin əməkdaşı

 

👁 baxış