Martın 13-də ölkəmizin ev sahibliyi etdiyi XII Qlobal Bakı Forumu beynəlxalq miqyasda əhəmiyyətli bir konfrans olaraq, siyasət, iqtisadiyyat və sosial məsələlər üzərində intensiv müzakirələrin aparılmasına zəmin yaratdı. Forumun mövzusu mövzu “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” oldu. Həm siyasi, həm də iqtisadi baxımdan çoxsaylı qlobal çətinliklərin meydana çıxdığı bir dövrdə, bu cür tədbirlər dünya liderlərinə və mütəxəssislərə qarşılaşdıqları çətinliklərə yeni yanaşmalar və həllər tapmaq üçün mühüm bir platforma təqdim edir. XII Qlobal Bakı Forumunda dünyanın müxtəlif bölgələrindən gələn dövlət başçıları, hökumət nümayəndələri, alimlər, mütəxəssislər və beynəlxalq təşkilatların rəhbərləri bir araya gələrək qlobal məsələlərə dair geniş müzakirələr apardılar. Forumun məqsədi yalnız çağırışları müəyyən etmək deyil, həm də onları fürsətə çevirməyin yollarını tapmaq idi. Mühüm qlobal məsələlərdən biri də beynəlxalq münasibətlərin gərginləşməsi, iqtisadi böhranlar, iqlim dəyişikliyi və sosial ədalət məsələləridir. Forumda iştirak edən ekspertlər bu mövzulara diqqət çəkərək, bu çətinliklərin yalnız müasir dünyada deyil, gələcək nəsillər üçün də ciddi nəticələrə səbəb ola biləcəyini vurğuladılar.
XII Qlobal Bakı Forumu beynəlxalq əməkdaşlığın və diplomatiyanın mühüm bir nümunəsi oldu. Azərbaycan bu cür mötəbər tədbirlərin keçirilməsi ilə yalnız regionda deyil, dünya miqyasında da önəmli bir oyunçu olduğunu bir daha nümayiş etdirdi. Forum qlobal siyasi və iqtisadi problemləri müzakirə etməklə yanaşı, müxtəlif mədəniyyətlərin və dövlətlərin arasında dialoqu gücləndirmək məqsədini daşıyır. Bu tədbir dünya liderləri və mütəxəssisləri arasında yeni ideyaların mübadiləsinə, qarşılıqlı anlaşmanın və əməkdaşlığın təşviqinə səbəb oldu. Forum həmçinin, Azərbaycana beynəlxalq səviyyədə daha geniş nüfuz qazanmaq imkanı yaratdı, ölkəmizin dünya siyasətindəki mövqeyini daha da möhkəmləndirdi. Forumda təqdim olunan fikirlər və təkliflər, dünya miqyasında bir çox məsələlərə yeni baxış bucağı gətirdi. Bu cür tədbirlər gələcəkdə beynəlxalq əməkdaşlığın daha da möhkəmlənməsinə və qlobal problemlərin həllinə yönəlik daha effektiv strategiyaların hazırlanmasına imkan yaradır.
Azərbaycanın xarici siyasəti yeni dönəmə qədəm qoyur. Ölkə, bir tərəfdən, geosiyasi manevrlərini artırır, digər tərəfdən, informasiya savaşında daha aktiv rol oynayır. Cənab İlham Əliyevin çıxışı, Azərbaycanın yalnız enerji siyasəti ilə deyil, həm də diplomatik və təhlükəsizlik məsələləri ilə regional və qlobal gündəmdə ön planda olduğunu göstərir. Dövlətimizin gələcək xarici siyasətində əsas xətt dəngəli, çoxvektorlu strategiyanın davam və inkişaf etdirilməsi ola bilər. Ölkəmiz COP29-un təşkilatçısı kimi qlobal iqlim gündəmində mühüm rol oynayır, enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi çıxış edir və beynəlxalq nəqliyyat marşrutlarında əsas tranzit qovşağına çevrilir. Bütün bu strateji addımlar Azərbaycanın regional və beynəlxalq miqyasda gücünü artırmağa davam etdiyini göstərir, gələcəyə böyük ümidlərlə baxmağa ruhlandırır.
Əli Kərimov,
Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri
👁 baxış
