Hər bir azərbaycanlı üçün birlik, həmrəylik günü

Hər birimiz üçün əziz və doğma bayram olan Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyinin yaradılması məqsədilə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Dünya azərbaycanlıları bu günü ümummilli birliyin, həmrəyliyin rəmzi kimi yüksək səviyyədə qeyd edirlər. Xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız, hər il dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Gününü  böyük həvəs və coşqu ilə qeyd edir. Bu bayramın dövlət səviyyəsində qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ümummilli lider Heydər Əliyev xalqı öz ətrafında birləşdirırək birliyimizin bünövrəsini qoydu. Bu gün də xalqımız Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək xalq-dövlət həmrəyliyini əzmlə davam etdirir.  Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dörd ildir tamamilə fərqli, daha yüksək əhvali-ruhiyyə ilə qarşılanır. Çünki Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər, torpaqlarımızın işğaldan azad edilməsi, həm də, milli həmrəyliyimizin təntənəsi, xalqımızın öz rəhbəri ətrafında daha sıx birləşməsinin təcəssümü oldu. Vətən müharibəsi xalqımızın mübarizliyini bütün dünyaya nümayiş etdirdi.

Dünyada gedən mürəkkəb geosiyasi proseslərə, müharibə və silahlı qarşıdurmalara, qaçqın və məcburi köçkün problemlərinə, qlobal iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycan Respublikası qarşıya qoyduğu böyük məqsədlərə doğru inamla irəliləyir. Ölkəmizin sosial-iqtisadi sahədə əldə etdiyi uğurların nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsi bunu bir daha əyani surətdə sübut edir. Ölkəmiz inkişaf etdikcə, daha qlobal xarakterli vəzifələri həll etmək imkanları da artır. Azərbaycanın inkişafı və dünya birliyində mövqeyini möhkəmləndirməsi üçün hər bir həmvətənimiz ümummilli məqsədlər ətrafında sıx birləşməli, diaspor təşkilatlarının fəaliyyəti daha çevik əlaqələndirilməlidir. Dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq, bütün soydaşlarımız və həmvətənlərimiz bu prinsiplərə əsaslanaraq qarşıdakı illərdə də üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsində qüvvə və bacarıqlarını əsirgəməyəcəklər. Bu gün dünya azərbaycanlılarının milli birliyinin və tərəqqisinin təminatçısı Azərbaycan Respublikasıdır. Hər bir azərbaycanlı öz kimliyi, milli mənsubiyyəti ilə fəxr etməli, zəngin və qədim tarixi, çoxəsrlik ortaq mədəni-mənəvi sintez missiyasını özündə əks etdirən dövləti ilə qürur duymalıdır.  Dünyanın müxtəlif yerlərinə səpələnmiş çoxmilyonlu millətimiz Azərbaycançılıq ideologiyası ətrafında birləşərək, uğurlu bir gələcəyə, daha sıx həmrəyliyə, güclü və inkişaf etmiş Azərbaycan dövlətçiliyinin daha da qüdrətlənməsinə çalışmalıdır. Bu, bizim amalımıza, həyat fəlsəfəmizə çevrilməlidir.

Supay Məmmədov,

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri

👁 baxış