24 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib. Dövlət başçımız mərasimdə proqram xarakterli nitq söyləyib, vacib fikirlər səsləndirib. Bununla yanaşı, tədbirdən sonra Azərbaycanda idmanın inkişafında xidmətləri olan idmançıların və idman mütəxəssislərinin mükafatlandırılması mərasimi olub. Bir sıra şəxslər fəxri adlarla, medallarla və mənzillərlə təmin olunub.
Dövlət başçımızın nitqinə yaxından nəzər saldıqda idmanın sağlamlıq və vətənpərvərlik üzərindəki böyük təsirindən geniş söz açıldığı müşahidə edilir. Bəli, idman, yalnız fiziki sağlamlıq baxımından deyil, eyni zamanda insanın əxlaqı, xarakteri və sosial əlaqələri üzərində də mühüm təsirə malik olan bir fəaliyyət sahəsidir. İdmanın sağlamlıq və vətənpərvər gənclərin yetişdirilməsindəki rolu çox genişdir. İdmanla məşğul olmaq, sağlam bədən quruluşuna malik olmaqla yanaşı, gənclərə həyatlarında mübarizə ruhunu və milli dəyərlərə hörməti aşılayır. Gənclər idmanla məşğul olduqca, milli dəyərlərə daha yaxın olurlar. İdman yarışlarında və tədbirlərində iştirak etmək, gənclərin öz ölkələrini təmsil etmə imkanı verir və bu da onların vətənpərvərlik hisslərini gücləndirir. İdman, ölkənin birliyini simvolizə edir və gənclərə öz xalqlarını təmsil etməyin nə qədər vacib və dəyərli olduğunu öyrədir.
Bu baxımdan ölkəmizdə daima idman sahəsinə geniş diqqət ayrılmış, qayğı göstərilmişdir. Xüsusilə, Prezident İlham Əliyev Milli Olimpiya Komitəsinin Prezidenti kimi bu sahəni hər zaman diqqətdə saxlamaqdadır. Elə bunun nəticəsidir ki, hər ötən il idman sahəsində daha güclü inkişaf getməkdədir. Cari ilin avqust ayında Parisdə keçirilən XXXIII Paris Yay Olimpiya Oyunlarında əldə olunan uğurlu nəticələr də bunu bir daha təsdiq edir. Azərbaycan bu oynlarda tarixi nəticə əldə edərək dünyanın ən güclü 30 ölkəsinin arasında yer alıb. Bütövlükdə iki yüzdən çox milli komandanın iştirak etdiyi yarışlarda bu nailiyyəti əldə etmək əlbəttə ki, çox mühümdür. Digər tərəfdən, ölkəmiz müsəlman ölkələri arasında üçüncü yerdə qərarlaşmışdı ki, bu da diqqətəlayiq hal idi. Ölkə başçımız bu nüansları xatırladaraq ölkəmizin tarixi nəticə əldə etdiyini qətiyyətlə vurğuladı.
Dövlətimizin başçısının nitqində daha bir diqqətə dəyər başlıq, Azərbaycan Prezidentinin idmançıların işğaldan azad olunmuş tarixi torpaqlarımıza müntəzən səfərlər etməsinin vacibliyini tövsiyə etməsi oldu. Prezident İlham Əliyev vurğuladı ki, azad olunmuş ərazilərdə on min insan yerləşib. Onların böyük hissəsi uşaqlar və gənclərdir. Azərbaycanın görkəmli idmançılarının azad edilmiş torpaqlara müntəzəm səfərləri gənclər üçün də, uşaqlar üçün də böyük hadisə olacaq. Bəli, Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın idmançıları tərəfindən azad edilmiş torpaqlara müntəzəm səfərlər, təkcə bu ərazilərdə yaşayan insanlar üçün deyil, bütün ölkə üçün dərin mənalar daşıyır. İdmançılarımızın bu torpaqlara səfərləri, gənclərimizə güc və inam aşılayacaq, onlara əzmkarlıq və vətənpərvərlik hissi bəxş edəcək. Azad edilmiş ərazilərimizə baş çəkən idmançıların bu yerlərdə göstərdikləri diqqət və qayğı, gənclərə yalnız fiziki inkişafın deyil, həm də milli kimlik və vətənə bağlılıq duyğularının nə qədər önəmli olduğunu hiss etdirəcək.
Prezidentin bu çağırışı, yalnız idmançılara deyil, bütün xalqımıza bir növ çağırışdır. Bu çağırış, hər bir gənci öz əziz torpağının müdafiəsində, onun inkişafında və gələcəyinin qurulmasında fəal iştirak etməyə təşviq edir. Biz, idmanla hər bir gəncin ruhunu formalaşdırarkən, onlara yalnız sağlam bədən, güclü iradə deyil, həm də vətənə dərin sevgi və bağlılıq hissi aşılayırıq.
Vəfa Hüseynova
Pirallahı RİH başçısı Aparatının məsləhətçisi
👁 baxış
