“Cənab İlham Əliyevin fəaliyyəti əsil xalqa xidmət nümunəsidir”

Cənab İlham Əliyev xalqın istəyi ilə prezident seçildikdən sonra ümummilli liderin əsasını qoyduğu inkişaf strategiyasını layiqincə davam etdirmək, onu zamanın tələblərinə uyğun olaraq daha da zənginləşdirmək, Azərbaycanın sürətli tərəqqi yolunda irəliləməsini təmin etmək iqtidarında olduğunu sübuta yetirdi. Bu mənada cənab İlham Əliyevin missiyası ulu öndərin həyata keçirdiyi işlərin miqyası qədər vacib xarakter daşımış və onun lider keyfiyyətlərini təsdiqləmişdir. 2003-cü ildən sonrakı dövrdə də ölkənin toparlanması, vahid bir siyasi xətt üzrə irəliyə aparılması, milli həmrəyliyin qorunub saxlanması, çevik manevrlər, regionda həyata keçirilən xarici siyasətə yönəlik adekvat reaksiyalar və bu qəbildən olan digər amillər bir daha sübuta yetirdi ki, cənab İlham Əliyevin malik olduğu keyfiyyətlər onun böyük lider olmaq imkanlarını özündə daşıyır.

Məlumdur ki, siyasi liderin portretində mühüm keyfiyyətlərdən biri onun iradəliliyidir. Xüsusən də geostrateji cəhətdən əlverişli mövqedə yerləşən, zəngin enerji ehtiyatlarına malik Azərbaycan kimi ölkələrdə liderin bu keyfiyyəti dövlətin müstəqil mövcudiyyətinin davamı baxımından çox zəruridir. Coğrafiya və əhali sayı baxımından kiçik miqyaslı hesab olunan dövlətlərin taleyinin müəyyən ağırlıqları var və regionda istənilən küləklər onlara güclü təsir edir. Belə ölkədə lider ilk növbədə özünün böyük siyasi iradəsini, immunitetini göstərməlidir ki, ölkə xarici təsirlər qarşısında tab gətirə bilsin. Azərbaycanın dünyada və regionda etibarlı tərəfdaş statusu məhz bunun hesabına qazanılıb. Azərbaycanın dövlət başçısının liderlik keyfiyyətləri sırasında yer alan vacib məqamlardan biri də qarşıya konkret hədəflər qoyması və xalqı bu hədəflərə çatdımaq bacarığıdır. Bu mənada cənab Prezidentin siyasi idarəçiliyi həm də proqramlı xarakter daşımışdır.

Regional və beynəlxalq miqyasda gedən proseslərin düzgün qiymətləndirilməsi Azərbaycanın uğurunu təmin etdi. Reallıqdır ki, regional və beynəlxalq layihələr uğrunda savaş hələ də sona çatmayıb, neft və qaz, yanacaq marşrutları uğrunda qızğın rəqabət günümüzdə də amansız və antoqonist xarakterdə getməkdədir. Cənab İlham Əliyev dövlət başçısı kimi götürdüyü estafeti sadəcə yerində saxlamayaraq, onu daha da irəliyə aparmış, siyasi dünyanın çağırışlarına hazır olmuşdur. Yeni dövrün vacib reallıqlarından biri klassik müharibə modellərinin dəyişməsi və öz yerini daha çox iqtisadi, siyasi, diplomatik, mədəni müharibələrə verməsidir. İlham Əliyev ölkənin maraq və mənafelərinin etibarlı müdafiəsini təmin etmək üçün beynəlxalq əlaqələrin miqyasını genişləndirmiş, Azərbaycanın tərəfdaşlarının sayını artıraraq onun daha çox müttəfiq qazanmasına nail olmuşdur.

Qurduğu beynəlxalq əməkdaşlıq, həyata keçirdiyi balanslı və qarşılıqlı maraqlara əsaslanan siyasət Azərbaycanın nüfuzunun daha da yüksəlməsinə səbəb olmaqla yanaşı, onu nümunəvi müsəlman dövlətinə çevirmişdir. Müxtəlif beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak etməklə Azərbaycan sadəcə bir qapalı Şərq ölkəsi olmadığını və dünyaya açıq dövlət kimi çıxış etdiyini göstərmişdir. Ölkəmizdə daxili sabitliyin və başqa uğurların əldə edilməsinin əsas səbəblərindən biri də məhz xarici siyasətin düzgün qurulmasından irəli gəlir. Çünki ölkəmiz xarici təsirlərə çox həssasdır. Azərbaycan ABŞ-ın, Avropanın, eləcə də regiona yaxın digər ölkələrin sabitliyin bərqərar olmasını istədikləri bir məkana çevrilmişdir. Azərbaycanın bütün daxili həyat parametrləri üzrə vəziyyətini təhlil etdikdə onun bir Avropa ölkəsi olduğunu görmək mümkündür və geosiyasətdə də öz rolu var. Azərbaycan dövlətinin müstəqillik meydanının geniş olması, heç şübhəsiz, təkcə daxili milli dəyər kimi çıxış etmir, eyni zamanda xarici aləmdə mühüm bir faktor kimi dəyərləndirilir.

Cənab İlham Əliyevin siyasi xarakterinin ən mühüm tərəflərindən biri onun səmimiliyi və sadəliyidir. Heç bir seçki-siyasi texnologiya ilə bunu qazanmaq olmazdı. Uzun onilliklər boyu formalaşmış bu keyfiyyət ona imkan verib ki xalqla daha yaxından ünsiyyət qura bilsin, vətəndaş konsensusu əldə etsin və yürütdüyü siyasi kursa böyük ictimai dəstək qazandırsın. Millət ilə arasında hər hansı bir məsafənin olmaması cənab İlham Əliyevi təkcə partiyasının deyil, bütövlükdə xalqın liderinə çevirmişdir. Tarixin və zamanın gərdişini dəyişmək, millətinə şərəf və qürur gətirmək, müqəddəs bayrağını ucaltmaq, məğlub xalqı qalib xalqa çevirmək, xəyalları gerçək etmək yalnız fatehlərə məxsusdur. Qlobal güclərin fitvası ilə sanki tilsimə salınmış, qırx yerdən düyün vurulmuş Qarabağ problemini həll edən, işğala və hərbi təcavüzə son qoyan, haqqı, ədaləti bərpa edən, milli qürurumuzu, şərəfimizi ucaldan Qalib Ali Baş Komandan İlham Əliyev dövrün nəbzini dəyişməyə nail oldu.

Anar Babayev,
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi

 

👁 baxış